Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Oktyabr 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Son günlərin hadisələri bir daha sübut edir ki, Erməni tərəfi Soçidə bağlanmış atəşin dayandırılması haqqında sazişə əməl etməkdənsə, bu razılıqdan istifadə edərək öz mənfur niyyətlərini həyata keçirməyə çalışır. Erməni ekspedisiya korpusu bölmələrinin Qarabağda davam edən işğalçılıq hərəkətləri nəticəsində qoşunlarımız Martuni (indiki Xocavənd) şəhəri və rayonun Xocavənd, Əmiranlar, Muğanlı və Kuropatkino kəndləri üzərində nəzarəti itiriblər. Bundan əlavə, Qarabağdakı qüvvələrini gücləndirmək məqsədilə düşmən Laçın ərazisindən hərbi texnika, sursat və digər hərbi xarakterli yükləri daşımaqdan əl çəkmir. Dünənki məlumatda xəbər vermişdik ki, ermənilər 80 avtobusundan ibarət karvanı Qarabağa keçirmək istəmişlər. Bütün bu halların qarşısını birdəfəlik almaq və bununlada Soçi razılıqlarının şərtlərinin yerinə yetirilməsinin təmin etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin Qubadlı və Kəlbəcər bölmələri əməliyyata başladılar. Bu gün axşama qədər alınan məlumata görə Laçın rayonunun cənubunda strateji əhəmiyyətli Susudağ, Qızartıdağı, Dəyirmandağı, Tərxanlıdağ, Deyhandağ, Şurumbaşı yüksəklikləri və Mazutlu, Xanalar, Suarası, Malxələf, Baldırqanlı, Məlikpəyə, Mığıdərə, Dəyirmanyanı, Orqadan, Qayğı, Qaraşurumbaş, Deyjan, Xumarta, Ərəb, Unanovu, Fətəlipəyə, Ağanus, Zabux məntəqələri, Laçının şimalında isə Hoçaz dağı, Hoçaz, Bululdüz, Tiqik I, Tiqik 2, Mollalar, Zerti və Tarıkaha kəndləri qoşunlarımızın nəzarəti altına keçib. Qubadlı və Kəlbəcər bölmələrinin birgə əməliyyatı davam edir.