Azərbaycan Silahlı Qüvvələrinin Laçın, Kəlbəcər və Qubadlı bölmələrinin birgə əməliyyatı davam edir. Döyüşçülərimiz Ermənistandan Qarabağa gedən silah və sursat yollarını kəsmək və Laçın torpağımızı düşmən tapdağından tamamilə azad etməkdən ötrü irəliləyirlər.
Azərbaycan-Ermənistan sərhədi boyu atəşin dayandırılması mexanizmini işə salmaq məqsədilə Rusiya Federasiyasının müşahidəçilər qrupu bu gün səhər Qazaxa yola düşdü. Onları Müdafiə Nazirliyinin nümayəndələri, o cümlədən Analitik-İnformasiya Mərkəzinin iki əməkdaşı müşayiət edir. Bu gün oktyabrın 7-də Qazax və Ermənistanın İcevan rayonlarının sərhədində müşahidəçilər qruplarının görüşü olmalıdır.
Lakin məsələnin sülh yolu ilə həll olunmasına var gücü ilə əngəl törədən erməni tərəfi Soçi razılığı və Moskva protokolu şərtlərinə məhəl qoymadığını nümayiş etdirir. Dünən axşam və ötən gecə Ağdam rayonunun Əhmədavar, Şelli və Xıdırlı məntəqələri erməni ekspedisiya korpusunun hissələri tərəfindən güclü top atəşinə tutulub. Oktyabrın 7-si gün ərzində Ağdam və Ağdərə cəbhələri boyu mövqelərimizə atəş açılıb. Bütün hallarda düşmənə tutarlı cavab verilib.