Azərbaycan Silahlı Qüvvələrinin Laçın, Kəlbəcər, Qubadlı bölmələrinin Laçın rayonunun azad edilməsi uğrunda apardıqları döyüş əməliyyatları davam edir. Görülən tədbirlər nəticəsində düşmən sıxışdırılır və hazırda döyüşlər Laçın şəhərinin yaxınlığında gedir. Lakin bəzi kütləvi informasiya vasitələri ucuz şöhrət qazanmaq xatirinə yoxlanılmamış və tələsik xəbərlər yaymaqla məşğuldurlar. Onların yaydıqları bu cür xəbərlər xalqı çaşdırmaqla yanaşı, döyüş əməliyyatlarının uğurla nəticələnməsinə mənfi təsir göstərir.
İlk növbədə Azərbaycan Dövlət Teleradio şirkətinin rəhbərlərinin nəzərinə dəfələrlə çatdırılıb ki, döyüş bölgələrindən məlumatı yalnız Müdafiə Nazirliyindən alsın. Lakin buna baxmayaraq Azərbaycan Radio-televiziya əməkdaşları, xüsusən də “Xoş gördük” verilişinin redaktoru Tahir Abbasov, yenə də naməlum mənbələrə istinad edərək səhv xəbərləri efirə buraxmaqdan çəkinmirlər. Görünür, bilərəkdən bu cür məlumatlar yayan Tahir Abbasov kimilər Azərbaycan mənafeyi ziddinə işləyirlər.
Laçın rayonunun azad edildiyini görən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycan Dövlət Sərhədini pozaraq Laçın rayonunun cənub hissəsində azad olunmuş məntəqələrimiz üzərinə hücuma keçib.
Digər sərhəd bölgələrimizdə də düşmən dinc durmur. Dünən axşam və ötən gecə Tovuz rayonunun Ağdam, Əlibəyli və Qaralar kəndləri müxtəlif növ silahlardan atəşə tutulub.
Qarabağda da vəziyyət gərgin olaraq qalır. Erməni ekspedisiya korpusunun hissələri Füzuli istiqamətində yerləşən bölmələrimizin mövqelərinə həmlələr edirlər.