Azərbaycanın sərhəd bölgələri olan Laçın və Qubadlı rayonlarında vəziyyət xeyli gərginləşib. Laçın rayonunun bir sıra kəndlərinin azad edildiyini görən düşmən tankların və digər ağır texnikanın köməyilə Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycan dövlər sərhədini pozaraq Laçın rayonunun cənub hissəsində erməni silahlı quldurlarından yenicə təmizlənmiş kəndlərin üzərinə hücuma keçib. Düşmənin təzyiqi altında döyüşçülərimiz bəzi mövqeləri əldən veriblər. Ermənistan tərəfi bu hərəkətlərilə ölkəmizə qarşı açıq-aşkar müharibəyə girişdiyini bildirir.
Vəziyyətin bu cür gərginləşdiyi bir vaxtda bəzi kütləvi informasiya vasitələri ucuz şöhrət qazanmaq xatirinə yoxlanılmamış və tələsik xəbərlər yaymaqla məşğuldurlar. Onların yaydığı bu cür xəbərlər xalqı çaşdırmaqla yanaşı Ordumuzun apardığı döyüş əməliyyatlarına mənfi təsir göstərir. Bununla əlaqədar Analitik İnformasiya Mərkəzi tərəfindən informasiya vasitələrinin, ilk növbədə Azərbaycan Dövlət Teleradio şirkətinin rəhbərlərinin nəzərinə dəfələrlə çatdırılıb ki, döyüş bölgələrində baş verən hadisələr haqqında məlumatı Müdafiə Nazirliyindən alsınlar. Lakin buna baxmayaraq Azərbaycan Radio və Televiziyasının əməkdaşları, xüsusən də “Xoş gördük” verilişinin üzdəniraq redaktoru Tahir Abbasov yenə də mötəbər mənbələrə istinad edərək ağ yalanla dolu xəbərləri efirə buraxmaqdan çəkinmirlər. Görünür bilərəkdən bu cür məlumatlar yayan Tahir Abbasov kimilər Azərbaycan dövlətinə deyil, hansısa qeyri-müəyyən qüvvələrin mənafeinə xidmət edirlər.
Düşmən digər sərhəd bölgələrində də dinc durmur. Dünən axşam və ötən gecə Tovuz rayonunun Ağdam, Əlibəyli və Qaralar kəndləri müxtəlif silahlardan atəşə tutulub. Bu gün isə Tovuzun Əlibəyli kəndi yenə də atəşə məruz qalıb. Ağstafa rayonunun Köhnə Qışlaq kəndi də bu gün tank, top və PDM-lərdən atəşə tutulub.
Qarabağda da vəziyyət gərgin olaraq qalır. Erməni ekspedisiya korpusunun hissələri Füzuli istiqamətində bütün cəbhə boyu hücuma keçiblər. Ağır döyüşlər gedir. Erməni aviasiyası bu gün Füzuli şəhərinə dörd bomba atıb.