Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Oktyabr 1992 17:00

Müdafiə Nazirliyinin məlumatı

Laçın və Qubadlı rayonlarında vəziyyət son dərəcə ağırdır. Düşmən Ermənistan ərazisindən bu bölgələrə əlavə qüvvə gətirərək təzyiqi xeyli gücləndirib. Hazırda Laçının Güləbird və Səfiyan, Qubadlının Muradxanlı kəndləri şimal istiqamətindən güclü atəşə tutulur. Sərhədi keçən erməni ordusunun hissələri hazırda Səfiyan istiqamətində hücuma keçiblər. Ağır döyüşlər davam edir. İtkilərimiz var.
Ötən gecə və bu gün sərhəd rayonlarımızdakı bir sıra yaşayış məntəqələri və mövqelərimiz atəşə tutulur. Oktyabrın 9-na keçən gecə Gədəbəy rayonunun Mormor kəndi və sərhəd boyu mövqelərimiz Ermənistanın Krasnoselsk rayonu Orçanikidze qəsəbəsindən, Qazaxın Fərəhli kəndi, Zəngilan rayonunun Yuxarı Yeməzli, Ağbiz və Qazançı kəndləri müxtəlif təyinatlı silahlardan atəşə tutulub.
Qarabağda, xüsusilə Füzuli cəbhəsində vəziyyət xeyli kəskinləşib. Ermənilər Martuni istiqamətindən Füzuli rayonu istiqamətində bütün cəbhə boyu hücuma keçiblər. Hazırda döyüşlər Uryandağ ətrafında gedir. Füzuli şəhəri və digər məntəqələrimiz “Qrad” və toplardan güclü atəşə məruz qalıb. Bu bölgədə vəziyyət gərgindir.
Bu gün Cəbrayıl istiqamətindəki Sur, Qışlaq gözətçi məntəqələrimizin iriçaplı pulemyotlardan atəşə tutulması nəticəsində 5 əsgərimiz yaralanıb. Ağdam istiqamətində də bütün cəbhə boyu atışmalar gedir.