Azərbaycanın sərhəd bölgələrindən olan Laçın və Qubadlı rayonlarının vəziyyəti son dərəcə ağırdır. Düşmən Ermənistan ərazisindən Azərbaycan Dövlət sərhədini pozaraq bu regiona əlavə hərbi texnika və canlı qüvvə gətirirlər. Erməni ordusu hissələrinin təzyiqi altında bölmələrimiz Yuxarı və Aşağı Fərəcan, Səfiyan, Güləbird kəndlərini tərk ediblər. Ermənilər sərhədi keçərək Cicimli və Qazıdərəsi tərəfdən də hücum edirlər.
Füzuli cəbhəsində də vəziyyət gərgin olaraq qalır. Ötən gecə və bu gün səhər Qacar kəndi istiqamətində və Uryandağ ətrafında şiddətli döyüşlər davam edir. Cəbrayıl istiqamətindəki Sur postu ətrafında atışmalar nəticəsində 2 nəfər yaralanıb. Ağdam istiqamətində bütün cəbhə boyu ara-sıra atışmalar olub. Rayonun Qullar kəndi Gülablı istiqamətindən toplardan atəşə tutulub.
Dünən Ağstafanın Köhnə Qışlaq kəndi də top və pulemyotlardan atəşə tutulub.