Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Oktyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycanın sərhəd bölgələrindən olan Laçın və Qubadlı rayonlarında son dərəcə ağır vəziyyət yaranıb. Düşmən Ermənistan ərazisindən xeyli zirehli texnika və canlı qüvvə yeridərək, Laçın rayonunun cənub hissəsində Azərbaycan Milli Ordusunun irəliləyişini dayandırıb və güclü əks-hücuma keçməyə müvəffəq olub. Nəticədə son həftə ərzində bu istiqamətdə əldə etdiyimiz bütün kənd və məntəqələr yenidən düşmən tapdağı altına keçib. Oktyabrın 8-i səhər erməni ordusu hissələri Gorus rayonu səmtindən Azərbaycan Dövlət sərhədini böyük sayda qüvvə ilə pozub Cicimli, Qazıdərə kəndlərini zəbt ediblər. Ermənilərin 2 istiqamətdən zərbə endirməsi Silahlı Qüvvələrimizin bu bölgədəki bölmələrini Laçın rayonunun cənubunda yerləşən son kəndlərimizi: Yuxarı və Aşağı Fərəcanı, Səfiyanı, Türkləri, Quşçuları və Güləbirdi də tərk etməyə vadar etdi. Hal-hazırda ağır döyüşlər davam edir. Hər iki tərəfdən itkilər var. Batalyon komandiri Vaqif və onunla bir yerdə vuruşan oğlu ikisi də yaralanıblar.
Oktyabrın 9-u və 10-u ərzində Qubadlı rayonunun Ermənistanla həmsərhəd əraziləri və eyni zamanda Başarat və Milanlı kəndləri, Zəngilanın Yuxarı Yeməzli, Ağbis, Qazançı kəndləri, Qazaxın Fərəhli və Gədəbəyin Mormor kəndləri də müxtəlif növ silahlardan atəşə tutulub.
Qarabağda, xüsusilə Füzuli bölgəsində vəziyyət xeyli kəskinləşib. Ermənilər burada da oktyabrın 8-də bütün cəbhə boyu hücuma keçiblər. Üçüncü gündür ki, Ordumuzun Füzuli bölmələri şiddətli döyüşlər aparır. Digər istiqamətlərdə dəf olunan düşmən əsas qüvvəsini Martuni və Qırmızı Bazar istiqamətlərində cəmləşdirib.
Hazırda əsas döyüşlər Qacar kəndi səmtində və Xocavənd rayonunun Uryandağ məntəqəsi ətrafında gedir. İki gün ərzində Cəbrayıl istiqamətində Sur və Qışlaq gözətçi məntəqələrimizdəki atışmalar nəticəsində 7 əsgərimiz yaralanıb.
Ağdam cəbhəsində vəziyyət nisbətən sabitdir. Bu gün səhər saat 7-yə yaxın Gülablı tərəfdən Qullar kəndi top atəşinə tutulub.
Ağdərə bölgəsində daha əlverişli vəziyyət yaranıb. Son bir neçə günün bəhrəsidir ki, qoşunlarımız Vəngli, Arçadzor və Sırxavənd kəndlərinin girəcəyində mövqelər tutublar. Sırxavənd ətrafında bütün yüksəkliklər ələ keçirilib.