Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Oktyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Laçın və Qubadlı bölgələrimizdə vəziyyət gərgin olaraq qalır. Oktyabrın 11-nə keçən gecə Qubadlı rayonunun Muradxanlı kəndi ermənilərin top atəşilə dağıdılıb. Dünən axşam isə erməni aviasiyası Qubadlı və Kəlbəcər rayonlarının ərazilərini bombardman edib.
Qubadlı rayonu üzərindəki təhlükəni aradan qaldırmaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Baş Komandanlığı tərəfindən görülən bir sıra tədbirlər nəticəsində bu gün, oktyabrın 11-də, qoşunlarımız Laçın rayonunun Güləbird, Quşçular, Türklər, Səfiyan, Aşağı və Yuxarı Fərəcan kəndlərini geriyə alıblar. Bu uğurlu hücum zamanı qaçan düşmənin saz vəziyyətdə olan yeni tipli 1 tankı və 2 PDM-i qənimət kimi ələ keçirilib, 1 PDM-i isə yandırılıb. Hazırda döyüşçülərimiz Cicimli və Qazıdərə məntəqələri üzərində artilleriya nəzarəti təşkil edərək, öz mövqelərində möhkəmlənirlər.
Füzuli bölgəsində də nikbin nəzərlərə zəmin yaradılıb. Son üç gün ərzində səngiməyən döyüşlər zamanı erməni ekspedisiya korpusuna məxsus 6 tank, 3 PDM, 4 top və 2 “Qrad” qurğusu məhv edilib. Bizim texnika sarıdan itkilərimiz 1 PDM və 1 topdan ibarətdir. Fasiləsiz döyüşlərdə düşmən taqətdən salınıb və geri atılıb. Qacar istiqamətindən qoşunlarımız hətta bir qədər Xocavənd rayonu ərazisi daxilinə irəliləyiblər.
Ötən gecə və bu gün səhər Zəngilan rayonunun sərhəd məntəqələri və Şükürataz yaylağı avtomat və pulemyotlardan atəşə tutulub. Zərərçəkən olmayıb.
Digər münaqişə bölgələrində nisbi sakitlikdir.