Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Oktyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Xəbər vermişdik ki, Füzuli istiqamətində düşmən xeyli texnika və canlı qüvvədən istifadə edərək hücuma keçmişdi. Bu gün səhər düşmənin bu hücumunun qarşısını tamamilə alan döyüşçülərimiz əks-hücuma keçərək Uryandağ, Peykandağ yüksəkliklərini düşmənlərdən təmizləmişlər. Döyüş nəticəsində düşmənin 3 tankı, 2 PDM-i, 2 topu və xeyli canlı qüvvəsi məhv edilib. Əməliyyat zamanı döyüşçülərimiz ermənilərdən 2 topu, 2 “Zenit” qurğusu, 4 pulemyotu, 1 iriçaplı pulemyotu və xeyli avtomatı qənimət kimi ələ keçirib. Biz tərəfdən 5 nəfər şəhid olub və 16 nəfər yaralanıb.
Ordumuzun Ağdərə və Ağdam bölgələrində yerləşən bölgələri də uğurlu əməliyyatlar aparırlar. Düşmən döyüşçülərimizin diqqətini yayındırmaq məqsədilə Ağdam şəhərini və rayonun Mərzili, Bağbanlar və Xıdırlı kəndlərini toplardan və “Qrad” tipli qurğulardan güclü atəşə tutub. Ölən və yaralananlar var.
Ermənilərin dünən axşamdan Qubadlının Başarat kəndi üzərinə başladıqları hücum davam edir. Bu hücumun qarşısını almaq üçün döyüşçülərimiz cavab tədbirləri görürlər. Qubadlı istiqamətində -  Səfiyan və Güləbird yaxınlığında atışmalar davam edir.
Digər münaqişə bölgələrində də vəziyyət gərgin olaraq qalır. Ötən gecə və bu gün Zəngilan rayonunun Bartaz, Seyidlər, Gədəbəyin Mormor, Qazaxın Quşçu-Ayrım, Fərəhli, Şıxlı, Ağstafanın Köhnə Qışlaq kəndləri, Naxçıvan MR-sı Şərur rayonunun mərkəzi və ətraf kəndləri Ermənistan ərazisindən güclü top atəşinə tutulub. Bartaz kəndində 4 nəfər yaralanmışdır. Şərur rayonunda isə 1 nəfər həlak olub, 5 nəfər yaralanıb. Gədəbəy rayonunun atəşə tutulması Rusiya müşahidəçiləri tərəfindən qeydə alınıb.