Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Oktyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Silahlı Qüvvələri birləşmələri Qarabağda bütün cəbhə boyu erməni ekspedisiya korpusu hissələrilə döyüşlər aparırlar. Dünənki döyüşlərdə Gülablı kəndinin şimalında düşmənin 2 tankı və 3 PDM-i məhv edilib. Füzuli istiqamətində ermənilərin bir həftədir ki davam edən hərbi fəaliyyəti dondurulub. Əsgərlərimiz öz mövqelərində möhkəmlənirlər.
Laçın rayonunun şimalında yerləşən Laçın qoşun hissələri Zerti kəndi ətrafında öz mövqelərini möhkəmləndirməklə bərabər, Şuşa rayonunun Salatınkənd məntəqəsini azad etmək məqsədilə irəliləyirlər. Srağagün Zerti kəndi yaxınlığında Laçınlı döyüşçülərimizdən leytenant Namiq Bayramovun başçılığı altında 3 istehkamçı düşmən tankının heyətini güllələyərək, döyüş maşınını qənimət kimi ələ keçiriblər.
Laçın şəhərindən keçən və erməni ekspedisiya korpusunun silah və sursatla təmini üçün istifadə edilən əsas yolun qoşunlarımızın əməliyyatları nəticəsində böyük təhlükə altında olduğunu görən düşmən Gorus rayonunun və Laçın rayonunun cənub hissəsindən Hadruta yol açmaq niyyətinə düşüb. Bu məqsədlə dünən düşmən, yenidən Ermənistanın Gorus rayonu Xıdzoresk məntəqəsi tərəfindən dövlət sərhədini pozub Cicimli istiqamətindən hücuma cəhd göstəriblər. Eyni zamanda Laçın rayonunun Aşağı Fərəcan və Quşçular kəndlərinə erməni dəstələri həmlələr edir. Qubadlı rayonunun Başarat və Muradxanlı kəndlərini daima atəş altında saxlayırlar.
Sərhəd bölgələrimizin Ermənistan ərazisindən atəşə tutulması davam edir. Dünən axşam Qazaxın Ağköynək və Fərəhli, Ağstafanın Köhnə Qışlaq və Gədəbəyin Mormor kəndləri erməni artilleriyasının atəşinə məruz qalıblar. Bu gün isə Qazax rayonunun Şıxlı kəndinə ermənilər quldur basqını ediblər. Nəticədə 1 nəfər yaralanıb.
Müdafiə Nazirliyi Analitik İnformasiya Mərkəzi Ermənistan Respublikasının surətli silahlanması ilə bağlı daxili istifadəsi üçün hazırladığı materialların bir qismini açmaq qərarına gəldi. Müxtəlif, o cümlədən əcnəbi mənbələrə istinadən aşağıdakı məlumatı diqqətinizə çatdırmağı vacib bildik.
1.Ermənistan Respublikası nümayəndələri Fransada “Miraj” tipli bombardman təyyarələri satın alıblar. Bağlanmış sazişə görə 16 təyyarə alınmalı idi. Artıq 6 təyyarə alınmışdır.
2.Erməni diasporu tərəfindən ABŞ-da Ermənistan Respublikası üçün 8 “Fantom” tipli ağır bombardman təyyarələri satın alınıb. Nəzərdə tutulur ki, bu təyyarələrin Ermənistana gətirilməsi Amerika ordu hissələri Filippindəki Subik-Bey hərbi bazasından çıxdıqdan sonra həyata keçiriləcək.
3.Hal-hazırda Ermənistan ərazisində, Leninakanda 4 ədəd “SU-27” tipli hərbi təyyarələr yerləşir. Həmin şəhərə “Miraj” və “F-16” (Fantom) tipli təyyarələrin gətirilməsi gözlənilir.
4.Gürcüstanın ərazisindən Ermənistan Respublikasına 21 ədəd “Strela-10” tipli qurğular gətirilib.