Bu gün oktyabrın 16-da Ermənistanın Mehri rayonu Nuvədi kəndində Ermənistan və Azərbaycan Respublikaları Silahlı Qüvvələrinin səlahiyyətli nümayəndələrinin görüşü keçirilmişdir. Saat 12:00-da başlanan bu görüşdə Azərbaycan tərəfini Müdafiə nazirinin müavini İrza Kazımov təmsil edəcək. Sərhəd boyu yerləşən Azərbaycan Ordusunun bölmələrinə nəbadə atəş açmamaq haqqında ciddi əmr verilib.
Baxmayaraq ki, erməni tərəfi bu cür görüşlərin böyük məsuliyyətini yaxşı dərk edir, amma danışıq günü də öz çirkin əməllərindən əl çəkmir. Bu gün səhər saat 8:30-dan başlayaraq erməni hissələri Gorus rayonunun Xıdzoresk-Kornidzor istiqamətindən dövlət sərhədimizi pozub və Laçın rayonu ərazisini toplardan atəşə tutaraq, Güləbird kəndinə hücuma keçiblər. Hal-hazırda qızğın döyüşlər gedir.
Eyni zamanda sərhəd bölgələrimizdən olan Tovuz və Gədəbəy rayonlarının ərazisi Ermənistandan atəşə tutulub. Dünən axşam 21 radələrində Tovuzun Əlibəyli kəndinə avtomatlardan atəş açılıb. Nəticədə 1 nəfər yaralanıb. Ermənistanın Krasnoselsk rayonu tərəfdən isə gecə saat 1-2, 5-6 arasında Keçəldağ və Sarıyal yüksəkliklərindən Gədəbəyin Mormor kəndi pulemyot və snayper silahlarından atəşə tutulub.