Bu gün oktyabrın 1-də Ermənistanın Mehri rayonu Nuvədi kəndində Ermənistan və Azərbaycan Respublikaları səlahiyyətli nümayəndələrinin görüşü təyin edilib. Saat 12:00-da başlanan bu görüşdə Müdafiə Nazirliyini nazir müavini general-mayor İrza Kazımov təmsil edib. Sərhəd boyu yerləşən Azərbaycan Ordusu bölmələrinə nəbadə atəş açmamaq haqqında ciddi əmr verilib.
Baxmayaraq ki, erməni tərəfi bu cür görüşlərin böyük məsuliyyətini yaxşı dərk edir, amma danışıq günü belə öz əməllərindən əl çəkmək istəmir. Bu gün səhər saat 08:30-da erməni hissələri Gorus rayonunun Xidzoresk-Kornidzor istiqamətindən dövlət sərhədimizi pozub və Laçın rayonunun ərazisini toplardan atəşə tutaraq Güləbird kəndinə hücuma keçiblər. Eyni zamanda Səfiyan kəndinə də ermənilər tank köməyilə hücum ediblər. Gündüzə qədər düşmən geri oturdulub. Güləbird və Səfiyan kəndlərinə qoşunlarımız nəzarət edirlər.
Saat 16-dan başlayaraq Qubadlı rayonunun Yuxarı Çibikli, Tarovlu və Çardaqlı kəndləri Gorus tərəfdən top atəşinə tutulur. Sərhəd bölgələrimizin atəşə tutulması dünən axşam və ötən gecə də qeydə alınıb. Dünən axşam saat 21 radələrində Tovuzun Əlibəyli kəndinə avtomatlardan atəş açılıb. Nəticədə bir nəfər yaralanıb. Ermənistanın Krasnoselsk rayonu tərəfindən isə gecə saat 1-2 və 5-6 arasında Keçəldağ və Sarıyal yüksəkliklərindən Gədəbəyin Mormor kəndi pulemyot və snayper silahlarından atəşə tutulub.
Qarabağ cəbhələrindəki vəziyyət nisbətən sabitdir. Dünən, oktyabrın 15-i, axşam Qazançı kəndi düşmənlərdən tam azad olunub. Döyüşçülərimiz Sırxavənd istiqamətində əlverişli mövqelər tuturlar. Füzuli istiqamətində bu gün, saat 12-də yenidən başlanan Uryandağ ətrafında döyüşlər hələ də davam edir.