Oktyabrın 16-sı axşam və oktyabrın 17-nə keçən gecə ərzində münaqişə zonalarında mühüm dəyişiklik olmamışdır. Qubadlı və Laçın bölgələrində vəziyyət gərgin olaraq qalır. Ötən gecə Başarat kəndi yaxınlığında ara-sıra atışmalar olmuşdur. Güləbird kəndi ətrafında da atışmalar davam edir.
Qarabağ ərazisində döyüşlər əsasən Füzuli və Ağdam istiqamətlərində gedir. Uryandağ və Peykəndağ ətrafında dünən səhərdən başlayaraq döyüşlər davam edir. Füzuli istiqamətində yerləşən bölmələrimiz dünən ermənilərin 2 avtokarvanını darmadağın edərək düşmənin xeyli canlı qüvvəsini məhv ediblər.
Döyüşçülərimiz Qazançı-Sırxavənd istiqamətində də əməliyyat aparırlar.
Digər münaqişə bölgələrində nisbi sakitlikdir.
Azərbaycan Respublikasının ərazisindəki obyektlərdən Azərbaycan Respublikası və Rusiya Federasiyasının birgə istifadə etməsi haqqında layihənin hazırlanması ilə əlaqədar olaraq, Rusiyanın Müdafiə naziri Pavel Qraçovla razılığa əsasən oktyabrın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri Rəhim bəy Qazıyev Rusiyanın tabeçiliyində qalan Qazax rayonunun ərazisindəki 12151 №-li hərbi hissəyə baş çəkmişdir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissədəki zabitləri, görüş zamanı Rusiya hərbçilərini əmin etmişlər ki, mövcud əlaqə tellərindən istifadə edilməsi üçün birgə hazırlanan layihə başa çatandan sonra hərbçilərin və onların ailəsinin sosial-iqtisadi problemləri həll olunacaqdır.
Layihə hazırlananadək Rusiya hərbçilərinin mənzil hüququnun qorunmasına təminat veriləcəkdir. Öz xidməti yerlərini tərk etmək istəməyənlərin hamısına bu hüquq şamil edilir.
Elə həmin gün Rəhim bəy, Qazax bölgəsində xidmətdə olan Azərbaycan əsgərləri ilə də görüşmüşdür.
Müdafiə nazirini Analitik-İnformasiya Mərkəzinin rəisi Leyla xanım Yunusova müşayiət etmişdir.