Son günlərin hadisələri yenə də belə bir həqiqəti təsdiq edir ki, danışıqların getdiyi və sazişlərin bağlandığı zaman Ermənistan tərəfinin beynəlxalq aləmdə qəbul edilmiş normalara zidd hərəkətləri adi bir hal kimi qiymətləndirilməlidir. Bu gün oktyabrın 17-də aldığımız məlumata görə Ermənistan ordusunun hissələri Gorus rayonu ərazisindən Qubadlı rayonuna hücuma keçiblər. Erməni birləşmələri Şurnux kəndi tərəfdən dövlət sərhədini pozaraq Qubadlının Seytas kəndinə zərbə endirib. Düşmənin bu həmləsinin qarşısını almaq üçün qoşunlarımız Seytas kəndi ətrafında döyüş aparırlar.
Laçın rayonunun Qubadlı ilə bitişik ərazisi də erməni işğalçılarının hədəfinə çevrilib. Buradakı Səfiyan, Quşçular kəndləri uğrunda döyüşlər gedir, onlar əldən-ələ keçirlər. Hazırda bu məntəqələrə erməni qüvvələri nəzarət edirlər. Güləbird kəndi bizim əlimizdədir.
Ötən gecə və bu gün ərzində Qarabağdakı vəziyyətdə mühüm dəyişiklik olmayıb. Füzuli istiqamətində döyüşçülərimiz Uryandağ və Peykandağ yüksəklikləri ətrafındakı mövqelərini öz əllərində saxlayırlar. Dünən axşam ermənilərin Yuxarı Veysəlli kəndi yaxınlığında hərəkət edən 2 avtokarvanı topçularımızın sərrast atəşilə darmadağın edilib. Düşmən texnika, hərbi sursat və canlı qüvvə sarıdan xeyli itki verib.
Bu gün günortaya yaxın Tovuz rayonunun Əlibəyli kəndi Ermənistanın Şəmşəddin rayonu ərazisindən avtomat atəşinə tutulub.
Digər münaqişə bölgələrində ötən gecə və bu gün nisbətən sakit keçib.