Son günlər Qarabağ ərazisində döyüş əməliyyatları azalıb. Bizim hələ avqust-sentyabr aylarında dediklərimiz, yəni aktiv əməliyyatların səngiməsi haqqında proqnozlarımız gerçəkləşir. Bu gün demək olar ki, silahlı qüvvələrimizin yay-payız kompaniyası başa çatmışdır.
Hazırda havaların soyuması, qar və yağışların yağması onsuz da çətin keçilən dağ yollarını daha da yararsız hala salıb. Mövqe döyüşləri getdikcə sistematik xarakter alır. Belə bir şəraitdə tutulan mövqelərin möhkəmləndirilməsi və lazımi istehkamların qurulması ilkin məsələlərdən biridir. Qeyd etmək vacibdir ki, hazırki şəraitdə müharibənin gedişində əsas ağırlıq artilleriyanın üzərinə düşəcək.
Oktyabr ayının 7-dək Silahlı Qüvvələrimiz bütün cəbhə boyu bir sıra müvəffəqiyyətli döyüş əməliyyatları keçirmişlər. Hadisələr əsasən Laçın rayonu ərazisində baş vermişdir. Ayın birinci yarısında Milli Ordumuzun və Daxili Qoşunlarımızın hissələri Laçın rayonunu ermənilərdən tamamilə təmizləmək məqsədilə Kəlbəcər və Qubadlı istiqamətlərindən birgə əməliyyata başlamışlar. Oktyabrın 8-nə kimi Laçın rayonunun şimalında yerləşən, ermənilər tərəfindən işğal olunmuş bir sıra kəndlər - Tiqik 1, Tikik 2, Zerti, Mollalar, Hocaz, Sus azad edilmiş və döyüşçülərimiz bu istiqamətdə rayon mərkəzinə 1 kilometrə kimi irəliləmişlər. Eyni vaxtda ordumuz Laçın rayonunun cənubunda bir neçə strateji yüksəklikləri ələ keçirmiş, Mazutlu, Malxələf, Baldırqanlı, Xanalar, Suarası, Məlikpəyə, Tərxanlı, Mığıdərə, Dəyirmanyanı, Deyhan, Ərəb, Unanovu, Fətəlipəyə kəndlərini düşmən tapdağından təmizləmişdir. Silahlı Qüvvələrimizin bölmələri Laçına cənubdan iki kilometrə kimi yaxınlaşmışlar. Bu döyüşlərdə düşmən canlı qüvvə, texnika cəhətdən xeyli itki verməsinə baxmayaraq Ermənistandan gətirilən silah və sursat hesabına öz ehtiyatını bərpa etmişdir.
Oktyabrın 7-dən sonra əldə etdiyimiz bu müvəffəqiyyətlər erməni tərəfinin müqaviməti nəticəsində itirilmişdir. Laçının cənubunda alınan mövqelər, Yuxarı və Aşağı Fərəcan, Türklər, Səfiyan və Quşçular kəndləri də daxil olmaqla ermənilərin nəzarəti altına keçmişdir. Ermənilər Laçın dəhlizi adlanan ərazini bir qədər də genişləndirmək məqsədilə Başarat kəndinə hücumu daha da gücləndirmişlər. Lakin düşmən bu məqsədə nail ola bilməmişdir. Oktyabr döyüşlərində ordumuz düşmənin bu bölgədəki qüvvələrini tam taqətdən salmış, onların döyüş qabiliyyətinə sarsıdıcı zərbə vurmuşlar. Hazırda cəbhənin bu hissəsində bir qədər sabitlik yaranıb. Silahlı Qüvvələrimiz bu bölgədəki strateji yüksəkliklərə nəzarət edirlər. Əsasən artilleriya döyüşləri gedir.
Oktyabr ayı ərzində Qarabağın cənubunda o qədər də mühüm dəyişikliklər olmamışdır. Füzuli bölmələri sentyabrın axırlarında döyüş əməliyyatları keçirərək Martuni şəhəri və Xocavənd kəndinə daxil olmuşlar. Təəssüflər olsun ki, bu istiqamətdə düşmən güclü müqavimət göstərərək əsgərlərimizi yaşayış məntəqələrindən çıxmağa məcbur etmişdir. Elə həmin vaxt Xocavənd rayonunun azərbaycanlılar yaşayan üç kəndi Muğanlı, Əmrallar, Kurapatkin düşmən tərəfindən zəbt edildi. Hazırda döyüşlər Uryandağ və Peykəndağ yüksəklikləri ətrafında gedir.
Ağdam cəbhəsində də əsaslı dəyişikliklər olmamışdır. Bu istiqamətdə düşmən xeyli qüvvə toplayaraq rayon mərkəzini və ətraf kəndləri müntəzəm olaraq artilleriya atəşi altında saxlayır. Döyüşçülərimizin iradəsini qırmaq istəyən düşmən məqsədinə nail ola bilməyəcək. Azərbaycan Silahlı Qüvvələrinin Ağdam bölmələri öz mövqelərini möhkəm saxlamaqla bərabər düşmənin atəş nöqtələrinə, piyada və texnikalarına məhvedici zərbələr endirirlər.
Qarabağın şimalında SQ-miz və daxili qoşunlarımızın hissələri bir neçə kənd istisna olmaqla keçmiş Ağdərə rayonunun ərazisini düşmənlərdən tamamilə təmizləmiş, tutulan mövqelərdə əsaslı surətdə möhkəmlənmişlər. Azad edilmiş yaşayış məntəqələri evsiz-eşiksiz qalan qaçqınlarımızın isti ocağına çevrilir. Müharibə nəticəsində dağıdılmış yaşayış binaları və kənd təsərrüfatı obyektləri bərpa olunur.
Respublikamızın sərhəd bölgələrində vəziyyət bir qədər sabitləşmişdir. Qazax, Tovuz, Ağstafa, Gədəbəy bölgələrində ara-sıra atışmalar istisna olmaq şərtilə nisbi sakitlik yaranıb.
Oktyabr ayı ərzində Zəngilan rayonunun Qazançı, Seyidlər, Kolluqışlaq, Günqışlaq, Ağkənd, Şükürataz kəndləri və Qubadlının sərhəd məntəqələri Ermənistanın Mehri, Qafan və Gorus rayonları istiqamətindən müxtəlif növ silahlardan atəşə tutulub.
Naxçıvan MR-nın Sədərək qəsəbəsi və başqa sərhəd məntəqələri atəş altında saxlanılır. Bütün bunlara baxmayaraq, sərhəd bölgələrimizdə yerləşən Azərbaycan SQ-nin bölmələri düşmənə layiqli cavab verir və onun bütün həmlələrini dəf edir.
Hazırda cəbhədə mövqelərimiz belədir.