Oktyabrın 16-da Ermənistanın Mehri rayonunda Azərbaycan və Ermənistan respublikalarının nümayəndə heyətlərinin görüşü keçirilmişdi. Bu görüşdə iki respublika arasında dəmiryolu xəttinin açılması məsələsi müzakirə olunmuşdur. Müdafiə nazirinin müavini İ.Kazımovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətində dəmiryol idarəsini Bayram Abbasov təmsil edirdi. Ermənistan müdafiə nazirinin müavini Şirxanyanın başçılıq etdiyi nümayəndə heyətinə Xarici işlər, milli təhlükəsizlik nazirlərinin nümayəndələri, habelə Mehri və Qafan rayonlarının başçıları və Ermənistanın sərhəd komissarı daxil idilər. Bu görüşdə dəmir yolu xəttinin açılması haqqında protokol hazırlanmalı idi. Lakin bu iş başa çatmadığından görüşü oktyabrın 20-də İcevan, Ağstafa rayonlarında davam etdirmək qərara alınmışdır.
Ermənistan Azərbaycan dövlətinə qarşı apardığı qanlı müharibədə ən alçaq tədbirlərə əl atır. Ermənistan ərazisindən respublikamıza ordumuzun hərbi texnikasını sıradan çıxarmaq, hərbi qulluqçuları ələ almaq məqsədilə azərbaycan dilində mükəmməl danışan adamlardan ibarət təxribat qrupu göndərilmişdi. Bu cür təxribat qruplarının gələcəkdə də ölkəmizin ərazisinə atılmasını gözləmək olar. Buna görə də xalqımızı sayıqlıq göstərməyə, bu cür təxribatların qarşısını almaqda bizə kömək etməyə çağırırıq. Unutmaq olmaz ki, düşmən təkcə Qarabağda deyil, bütün Azərbaycanda müharibə aparır.
Oktyabrın 18-nə keçən gecə və bu gün Azərbaycan və Ermənistan ordularının Qarabağda və bütün sərhəd boyunda qarşıdurması əsasən artilleriya döyüşü xarakteri daşımışdır. Dünən axşam Qazax rayonunun Fərəhli kəndi, bu gün isə Ağstafanın Ağköynək, Köhnə Qışlaq məntəqələri, Zəngilan rayonunun Yuxarı Yeməzli kəndi Ermənistan ərazisindən atəşə tutulub.
Qubadlı və Laçın bölgələrində gərgin döyüşlər Səfiyan, Güləbird, Başarat istiqamətlərində davam edir. Ermənilərin Şurnuxdan Seytas kəndinə etdikləri hücumun qarşısı alınıb.
Füzuli bölgəsində yerləşən topçularımız Martuni istiqamətində düşmənin mövqelərini atəşə tutmuş, Yuxarı Veysəlli kəndi yaxınlığında ermənilərin 1 tankını və xeyli canlı qüvvəsini məhv etmişlər.
Ağdərə bölgəsində mərdliklə vuruşan Tərtər briqadasının döyüşçüləri Araçadzor və Vanklu istiqamətində irəliləməkdədirlər.
Bu məlumatdan sonra siz Tərtər briqadasından hazırlanmış video-sujetə baxa bilərsiniz.