Qarabağın şimalında Azərbaycan Ordusunun Tərtər bölmələri dünən axşam və ötən gecə ərzində Vəngli və Sırxavənd istiqamətlərində irəliləməklə bərabər, Araçadzor kəndinin yuxarı hissəsinə gəlib çıxmışlar.
Ağdam və Füzuli cəbhələrində oktyabrın 19-na keçən gecə top atışması gedib. Düşmənin atəş nöqtələri susdurulub.
Erməni ekspedisiya korpusunun hissələri Laçın dəhlizini genişləndirmək cəhdlərindən əl çəkmir. Laçın qoşun hissələri Hoçaz, Mollalar, Tiqik II və Şuşa rayonunun İmamqulular kəndləri ətrafında gedən döyüşlərdə düşmənin güclü müqavimətilə rastlaşırlar. Qubadlı və Laçın rayonlarında vəziyyət gərgin olaraq qalır. Ermənilər Güləbird, Milanlı və Başarat kəndlərini intensiv top atəşinə tutur.
Zəngilan rayonunun ərazisi də düşmən atəşinə məruz qalır. Ötən gecə saat 2-dək Qafan istiqamətində Vejnəli kəndi və Şükürataz yüksəkliyi müxtəlif silahlardan atəşə tutulub. Düşmənə cavab atəşi açılıb.