Son günlər Ağdam şəhəri düşmənin güclü atəşinə məruz qalır. Dünən Ağdamın toplardan atəşə tutulması nəticəsində 3 nəfər həlak olub. Bu gün də günortadan sonra Ağdam şəhəri Gülabla istiqamətindən toplardan və “Qrad” tipli qurğulardan atəşə tutulub.
Erməni ekspedisiya korpusunun hissələri Laçın dəhlizini genişləndirmək cəhdlərindən əl çəkmirlər. Laçın qoşun hissələri Hoçaz, Mollalar, Tiqik 2 və Şuşa rayonunun İmanqulular kəndləri ətrafında düşmənin güclü müqavimətilə rastlaşırlar. Qubadlı istiqamətindəki Güləbird, Milanlı və Başarat kəndləri yaxınlığında döyüşlər davam edir.
Ötən gecə Zəngilan rayonunun Vejnəli kəndi və Şükürataz yüksəkliyi müxtəlif təyinatlı silahlardan atəşə tutulub.
Qarabağın şimalında Tərtər bölmələri mövqe döyüşləri aparırlar.