Ermənistan tərəfinin son hərəkətləri göstərir ki, o ölkəmizə qarşı açıq-aşkar apardığı müharibəni genişləndirməyə çalışır. Düşmən hətta əvvəllər nisbətən sakit olan bölgələrdə də vəziyyəti gərginləşdirir. Ötən gecə Kəlbəcər rayonunun Kürdlər yurdu adlanan zonası Ermənistanın Vardenis rayonu istiqamətindən müxtəlif təyinatlı silahlardan güclü atəşə məruz qalıb. Oktyabrın 19-u axşam Qazax rayonunun Quşçu-Ayrım, Məzəm, Yuxarı Salahlı kəndləri tanklardan, PDM-lərdən, minaatanlardan atəşə tutulub. Ötən gecə Tovuz və Zəngilan rayonlarının sərhəd məntəqələri də müxtəlif təyinatlı silahlardan atəşə məruz qalıb.
Bu gün saat 11 radələrində Ermənistan ərazisindən qalxmış təyyarələr dövlət sərhədini pozaraq, daha bir dəhşətli cinayət etmiş, Zəngilan rayon mərkəzinə iki bomba atmışlar.
Qubadlı və Laçın rayonlarında vəziyyət gərgin olaraq qalır. Güləbird və Başarat istiqamətlərində döyüşlər ara vermir.
Qarabağın münaqişə bölgələrində mühüm dəyişiklik baş verməmişdir. Oktyabrın 19-u axşam Cəbrayıl istiqamətində yerləşən Quşçular postu Hadrut istiqamətindən, ötən gecə isə Ağdam cəbhəsindəki mövqelərimiz Sırxavənd və Seidişen istiqamətlərindən atəşə tutulub.
Sərhəd bölgələrində, eləcədə Qarabağda aparılan döyüşlərdə Müdafiə Nazirliyinin əməkdaşları da iştirak edirlər. Onların arasında alçaq düşmənin gülləsinə tuş gələnlər də olur. Oktyabrın 16-da Laçın rayonunun Güləbird kəndindəki döyüşlər zamanı Müdafiə Nazirliyi Kəşfiyyat idarəsinin əməkdaşı 1964-cü il təvəllüdlü Ovçuyev Elman Binnət oğlu qəhrəmancasına həlak olub. Allah ona və şəhidlərimizə rəhmət eləsin.