Ermənistan tərəfinin son hərəkətləri göstərir ki, o ölkəmizə qarşı açıq-aşkar apardığı müharibəni genişləndirməyə çalışır. Düşmən hətta əvvəllər nisbətən sakit olan bölgələrdə də vəziyyəti gərginləşdirir. Ötən gecə Kəlbəcər rayonunun Kürdlər Yurdu adlanan zonası Ermənistanın Vardenis rayonu istiqamətindən müxtəlif təyinatlı silahlardan güclü atəşə məruz qalıb. Zəngilan rayonunda da vəziyyət xeyli gərginləşmişdir. Ermənistan ərazisindən qalxan təyyarələr dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə soxulmuş, dünən Zəngilan rayonunun Ağkənd kəndini və bu gün isə rayon mərkəzini bombalamışlar. Qubadlı və Laçın rayonlarında vəziyyət gərgin olaraq qalır. Güləbird və Başarat istiqamətlərində döyüşlər davam edir. Oktyabrın 16-da Güləbird kəndindəki döyüşlər zamanı Müdafiə Nazirliyinin əməkdaşı Ovçuyev Elman Binnət oğlu həlak olmuşdur.
Oktyabrın 19-u axşam Qazax rayonunun Quşçu-Ayrım, Məzəm, Yuxarı Salahlı kəndləri, ötən gecə Tovuz rayonunun sərhəd məntəqələri, bu gün isə Ağstafanın Köhnə Qışlaq kəndi Ermənistan ərazisindən müxtəlif silahlardan atəşə tutulub.
Qarabağın münaqişə bölgələrində mühüm dəyişiklik baş verməmişdir. Oktyabrın 19-u axşam Cəbrayıl istiqamətində yerləşən Quşçular postu Hadrut istiqamətindən, ötən gecə və bu gün Ağdam cəbhəsindəki mövqelərimiz Sırxavənd, Seidişen və Dovşanlı istiqamətindən, Füzuli istiqamətindəki postlarımız isə Martuni istiqamətindən atəşə tutulub. Bütün hallarda düşmənə layiqli cavab verilib.