Ermənilər yenidən öz qəddarlığını dünyaya nümayiş etdirirlər. Dünən, saat 16 radələrində Zəngilan rayonunun Sığırt gözətçi məntəqəsində keçirilməli yerli səviyyəli danışıqlara gəlməyərək, bizim geriyə qayıdan nümayəndələrimizə arxadan atəş açdılar. Nəticədə biz tərəfdən 3 nəfər yaralanıb. Bununla kifayətlənməyən ermənilər Zəngilan rayonunun Seyidlər, Qazançı və Ağkənd məntəqələrini minomyot və atıcı silahlardan güclü atəşə tutublar.
Eyni zamanda, dünən axşam və oktyabrın 24-nə keçən gecə Qazax rayonunun Orta Güneypəyə kəndləri erməni mövqelərindən top, tank və PDM-lərdən atəşə tutulub.
Yaşayış məntəqələrimizi atəşə tutmaqdan usanmayan düşmən cəbhəboyu döyüşçülərimizin tutarlı cavabını vaxtında alır. Dünən axşam ordumuzun Qubadlı-Laçın bölmələri ermənilərin 1 tankını, 1 PDM-ni heyətləri ilə və 1 yük avtomaşınını məhv ediblər. Ümumi hesabla düşmənin 30-a yaxın əsgəri məhv edilib. Hazırda qoşunlarımız Başarat və Güləbird kəndlərinə tam nəzarət edərək, bu məntəqələrin ətrafında əlverişli mövqelər tuturlar. Dünənki döyüşlərin birində Güləbird kəndindən şimalda yerləşən düşmənin komandir məntəqəsi darmadağın edilib.
Digər münaqişə bölgələrində nisbi sakitlik olub.
Dünənki məlumatda texniki səbəblərə görə Naxçıvan MR-nın Şahbuz rayonunun Şada kəndi Şərur rayonuna məxsus kimi adlandı. Xahiş edirik üzrlü sayasınız.