Ermənistan tərəfi Azərbaycan ərazisinə təxribatçı qrupları göndərməkdə davam edir. Oktyabrın 21-də saat 17 radələrində Sərsəng su bəndinin 2 km-də erməni hərbi vertolyotlarından 40 nəfərdən ibarət desant atılmışdır. Erməni təxribatçıları avtomobil şossesinə çıxaraq 3 benzindaşıyan maşınımızı vurub sıradan çıxarıblar. Bunun nəticəsində 2 azərbaycanlı şəhid olub. Təxribatçıları zərərləşdirmək üçün Azərbaycan ordusunun xüsusi dəstəsi Daxili qoşunlar hissələrilə birlikdə lazımi tədbirlər görürlər. Düşmənin ölkəmizin ərazisinə təxribatçı qrupları göndərməsi bir daha sübut edir ki, Ermənistan respublikası terrorçuluğu dövlət sərhədinə qaldırmışdır.
Münaqişə zonalarında ötən gecə ərzində əhəmiyyətli dəyişiklik baş verməyib. Ağdam istiqamətində bütün cəbhə boyu, Cəbrayıl istiqamətində isə Quşçular məntəqəsi yaxınlığında ara-sıra atışmalar olub.
Ötən gecə Tovuz rayonunun Ağdam, Əlibəyli kəndləri, Ağstafanın Qanlıqaya sahəsi, Qazax rayonunun Fərəhli kəndi Ermənistan ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub.