Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Oktyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Sərhəd bölgələrində və Qarabağda atışmalar ara vermir. Ötən gecə Qubadlı rayonunun Başarat kəndi yaxınlığında vaxtaşırı olaraq atışmalar gedib. Laçının şimalında yerləşən bölmələrimiz döyüş əməliyyatlarını davam etdirirlər. Bu istiqamətdə ermənilər ciddi müqavimət göstərirlər.
Dünən axşam və ötən gecə Qazax rayonunun Bala-Cəfərli, Məzəm kəndləri, Naxçıvan MR-nın Şərur rayonunun Çağazir, Yuxarı Yayçı kəndləri Ermənistan ərazisindən müxtəlif növ silahlardan atəşə tutulub. Düşmən bu gün Şərur rayonunun Şada kəndini avtomatlardan atəşə tutub.
Qarabağın cənubunda Uryandağ yüksəkliyi uğrunda döyüşlər davam edir. Burada döyüşən Füzuli bölmələri erməni mövqelərinə tutarlı zərbələr endiriblər.
Digər münaqişə zonalarında mühüm dəyişikliklər olmamışdır.
Oktyabrın 21-də axşam saat 17 radələrində Sərsəng su bəndinin 2km-də Umudlu kəndinin yaxınlığında terrorçular tərəfindən 4 avtomaşın (UAZ, benzindaşıyan maşın, ZİL və QAZ-53) sıradan çıxarılmış, 2 nəfər yerindəcə öldürülmüş, 1 nəfər isə ölümcül yaralanmışdır. Döyüş zonalarından xeyli uzaqlarda edilən bu təxribat qaçqınların məskunlaşdığı bu ərazidə vəziyyətin gərginləşdirilməsinə yönəldilmişdir. Terrorçuların tutulması üçün tədbirlər görülür. Bu hadisə ilə əlaqədar istintaq getdiyindən əlavə məlumat verə bilmirik.