Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Oktyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Oktyabrın 25-nə keçən gecə və bu gün səhər cəbhədəki vəziyyətdə dəyişiklik olmayıb. Dünən və bu gün Laçının Güləbird və Qubadlının Başarat kənləri toplardan, zirehli texnika və minaatanlardan atəşə tutulub. Düşmənə cavab atəşi açılıb. Bölgədə cəbhə boyu atışmalar fasilələrlə davam edir.
Sərhəd bölgələrimizdə sakitlik yenə də Ermənistan ərazisindən pozulur. Ötən gecə Zəngilan rayonunun Kolluqışlaq və Şayıflı, Ağstafanın Köhnəqışlaq kəndləri avtomat və pulemyotlardan atəşə tutulub. Qarabağda Ağdam rayonunun Yeni Qaralar və Cəbrayılın Quşçular kəndlərinə atəş açılıb. Dinc sakinlərdən 2 nəfər yüngül güllə yarası alıb.
Oktyabrın 23-də axşam Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi obyektə basqın edilib. Basqınçılar, hərbi libaslı 2 nəfər, 70-80 metrlik məsafədən mühafizəçi əsgərə odlu silahdan atəş açaraq, sıravi Vaqif Ağayevi ayağından yaralamışlar. Mərd əsgərimiz ona tapşırılan postu qoruya bilib, basqınçıları qaçmağa məcbur etmişdir. Yalnız bundan sonra sıravi Ağayev Sumqayıt şəhərinin xəstəxanasına çatdırılıb. İstintaq aparılır.
Son günlər müxtəlif yerlərdə fəallaşan təxribatçıların yeganə məqsədi var. Təcavüzə qarşı ağır müharibə aparan Azərbaycanı zəiflətmək, həm də inamsızlıq, ruh düşkünlüyü yaratmaqdır. Təxribatçıların gördükləri cinayətlərdən, hər hansı dövlət və ya qrup adam tərəfindən idarə olunmasından və milliyyətindən asılı olmayaraq, hərbi şəraitdə hamısı düşmən tərəfkeşi sayılmalıdır.