Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Oktyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Bu gün oktyabrın 25-də cəbhədəki vəziyyətdə dəyişiklik olmayıb. Sərhəd bölgələrində sakitlik yenədə pozulub. Ötən gecə Zəngilan rayonunun Kolluqışlaq və Şayıflı, Ağstafanın Köhnəqışlaq kəndləri müxtəlif növ silahlardan atəşə tutulub. Bu gün isə Ağstafa rayonunun atəşə tutulması nəticəsində 11 yaşlı uşaq şəhid olub. Qarabağda Ağdam rayonunun Yeni Qaralar və Cəbrayılın Quşçular kəndlərinə gecə atəş açılıb. Dinc sakinlərdən 2 nəfər yüngül güllə yarası alıb. Gün ərzində Füzuli bölgəsində Yuxarı Veysəlli və Uryandağ istiqamətlərində atışmalar olub.
Dünən və bu gün Laçının Güləbird və Qubadlının Başarat kəndləri toplardan, zirehli texnika və minaatanlardan atəşə tutulub. Bölgədə fasilələrlə atışmalar davam edir. Son üç gün ərzində düşmənin 1 tankı, 2 PDM-i, 1 yük avtomaşını və 2 atəş mövqei sıradan çıxarılıb.
Oktyabrın 23-də axşam Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi obyektə basqın edilib. Basqınçılar, hərbi 2 nəfər, 70-80 metrlik məsafədən mühafizəçi əsgərə odlu silahdan atəş açaraq, sıravi Vaqif Ağayevi ayağından yaralamışdır. Mərd əsgərimiz ona tapşırılan postu qoruya bilib, basqınçıları qaçmağa məcbur etmişdir. Yalnız bundan sonra sıravi Ağayev Sumqayıt şəhərinin xəstəxanasına çatdırılıb. İstintaq aparılır.
Son günlər müxtəlif yerlərdə fəallaşan təxribatçıların yeganə məqsədi var. Təcavüzə qarşı ağır müharibə aparan Azərbaycanı zəiflətmək, xalq arasında inamsızlıq, ruh düşkünlüyü yaratmaqdır. Təxribatçıların gördükləri cinayətlərdən, hər hansı dövlət və ya qrup adam tərəfdən idarə olunmasından və milliyyətdən asılı olmayaraq, hərbi şəraitdə hamısı düşmən tərəfkeşi sayılmalıdır.