Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Oktyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Ötən gecə münaqişə bölgələrində əhəmiyyətli dəyişiklik baş verməmişdir. Ən gərgin vəziyyət əvvəlki kimi Laçın və Qubadlı rayonlarındadır. Oktyabrın 26-na keçən gecə Laçın rayonunun Güləbird və Qubadlının Başarat kəndləri erməni mövqelərindən toplardan, “Qrad” qurğularından və başqa silah növlərindən atəşə tutulub. Cavab atəşilə düşmən susdurulub.
Erməni tərəfi digər sərhəd bölgələrimizi də atəşə tutub. Dünən axşam və ötən gecə Qazax rayonunun Daşsalahlı və Kosalar kəndlərinə tank və toplardan atəş açılıb. Bu atəş nəticəsində Daş Salahlıda dinc sakinlərdən 1 nəfər həlak olub, 2 nəfər isə yaralanıb. Ötən gecə bu rayonun Məzəm və Fərəhli kəndləri də ara-sıra atəşə məruz qalıb.
Ermənistan ərazisindən Tovuzun Ağdam kəndi ara-sıra avtomatlardan, Zəngilan rayonunun Kolluqışlaq kəndi isə top və “Qrad” qurğularından atəşə tutulub.
Qarabağın ərazisində nisbi sakitlikdir. Atışmalar əsasən Uryandağ istiqamətində gedir. Ordumuzun Füzuli bölmələrinin artilleriyaçıları bu istiqamətdə düşmənin bir maşın karvanını darmadağın ediblər.