Ötən gecə və bu gün münaqişə bölgələrində əhəmiyyətli dəyişikliklər baş verməmişdir. Ən gərgin vəziyyət əvvəlki kimi Laçın və Qubadlı rayonlarındadır. Laçın rayonunun Güləbird və Qubadlının Başarat kəndləri yaxınlığında döyüşlər davam edir. Güləbirddə gedən döyüşlər zamanı döyüşçülərimiz düşmənin xeyli canlı qüvvəsini məhv ediblər. Topçularımız sərrast atəşlə düşmənin 2 rabitə nöqtəsini də sıradan çıxarıblar. Bu gün ermənilər Qubadlının Əyin kəndini toplardan atəşə tutublar. Azğın düşmən Laçının şimalında Azərbaycanın dövlət sərhədini pozaraq bu bölgədə yerləşən mövqelərimizə hücum etmişdir. Döyüş zamanı əsgərlərimizdən 2 nəfər şəhid olmuş, 4 nəfər isə yaralanmışdır.
Erməni tərəfi digər sərhəd bölgələrimizi də atəşə tutur. Dünən axşam və ötən gecə Qazax rayonunun Yuxarı Salahlı və Kosalar kəndlərinə top və tanklardan atəş açılıb. Bu atəş nəticəsində Daş Salahlıda dinc sakinlərdən 1 nəfər həlak olub, 2 nəfər isə yaralanıb. Ötən gecə bu rayonun Məzəm və Fərəhli kəndləri də ara-sıra atəşə məruz qalıb. Ermənistan ərazisindən Ağstafanın Köhnə Qışlaq, Tovuzun Ağdam, Zəngilanın Kolluqışlaq və Qazançı kəndləri müxtəlif təyinatlı silahlardan atəşə tutulub.
Qarabağ ərazisində mövqe döyüşləri davam edir. Ordumuzun Tərtər bölmələri Sırxavənd istiqamətində əməliyyat aparırlar. Qarabağın cənubunda – Uryandağ yüksəkliyi ətrafında ara-sıra atışmalar gedir. Ordumuzun Füzuli bölmələrinin topçuları bu istiqamətdə düşmənin 1 maşın karvanını darmadağın ediblər.
Son zamanlar bəzi şəxslər Müdafiə Nazirliyi Analitik-İnformasiya Mərkəzinin adından istifadə edərək müxtəlif müəssisələrə və təşkilatlara daxil olur və guya Mərkəz üçün lazım olan bəzi əşyaları müsadirə edirlər. Bu günlərdə bir nəfər Nərimanov Rayonu İcra Hakimiyyəti aparatına gələrək oradan bu adla bir yazı makinasını götürmüşdür. Belə hadisələr başqa təşkilatlarda da baş vermişdir. Bununla əlaqədar olaraq Müdafiə Nazirliyi Analitik-İnformasiya Mərkəzi bildirir ki, Mərkəz onun adından müəssisə və təşkilatlardan hər hansı bir əşyanın götürülməsi üçün heç kimə səlahiyyət verməmişdir. Bundan sonra Mərkəzin adından istifadə edərək bu cür hərəkətlərlə məşğul olan şəxslər barəsində Müdafiə Nazirliyi Analitik İnformasiya Mərkəzinə və Hərbi polis idarəsinə məlumat verməlidir.