Ermənistan ordusunun bölmələri həm sərhəd bölgələrindəki, həm də Qarabağda yerləşən yaşayış məntəqələrimizi atəşə tuturlar. Dünən və ötən gecə Ağstafanın sərhəd məntəqələri, Qazaxın Daş Salahlı, Əzizbəyli kəndləri və Qazax şəhərinin özü toplardan və “Qrad” qurğularından atəşə tutulub. Qazaxda bir neçə ev dağılıb. Yaralananlar var. Ötən gecə Gədəbəyin sərhədboyu məntəqələri də atəşə məruz qalıb. Zəngilan rayonunun Seyidlər, Qazançı, Günqışlaq və Ağkənd kəndləri Qafan istiqamətindən iriçaplı pulemyotlardan atəşə tutulub. Döyüşçülərimiz düşmənin bütün atəş cəhdlərinə layiqli cavab veriblər. Laçın rayonunun şimalında Turabxanlı kəndi yaxınlığında atışmalar olmuşdur.
Dünən axşam Ağdam istiqamətində də vəziyyət gərginləşmişdir. Ağdam şəhəri Əsgəran istiqamətindən top atəşinə məruz qalıb. Şəhərdə dağıntı var. Ermənilər bu istiqamətdə yerləşən bütün mövqelərimizi ötən gecə ərzində avtomat və pulemyotlardan atəşə tutublar.
Sentyabrın 19-da bağlanmış Soçi sazişinə müvafiq olaraq, Azərbaycanın münaqişə bölgələrində yerləşən Rusiya hərbi müşahidəçiləri, Zaqafqaziya hərbi dairəsindən gələn əmrə əsasən oktyabr ayının 24-də öz müşahidə məntəqələrini tərk edib Rusiyaya qayıdıblar.
Rusiya müşahidəçilərinin geri qayıtmasi Soçi razılıqlarının erməni təcavüzü şəraitində tam iflasa uğramasını dəlalət edir. Erməni tərəfinin bu razılıqları dəfələrlə pozması haqda müşahidəçilər qrupunun başçısı general-mayor Qluşuk oktyabrın 22-də Moskvada keçirilən Azərbaycan və Rusiya müdafiə nazirlərinin görüşündə məruzə edib.
Buna baxmayaraq Rusiya öz vasitəçilik xidmətlərini davam etdirmək niyyətindədir. Yaxın vaxtlarda 3 dövlət müdafiə nazirlərinin yeni görüşü keçirilməlidir. Orada atəşin dayandırılması mexanizminin və müşahidəçilər statusunun daha dərindən işlənməsi nəzərdə tutulur.