Son günlər Qarabağın zəbt edilmiş ərazisində olan erməni ekspedisiya korpusunun bölmələri yaşayış məntəqələrimizin və mövqelərimizin atəşə tutulmasını daha da şiddətləndirmişlər. Oktyabrın 28-nə keçən gecə Füzuli rayonunun mərkəzi və bir sıra yaşayış məntəqələri bu istiqamətlərdə yerləşən erməni mövqelərindən güclü artilleriya atəşinə məruz qalıb. Topçularımız tutarlı cavab atəşi açaraq düşmənin atəş nöqtələrini susdurmuşlar. Ötən gecə düşmən Cəbrayıl istiqamətində yerləşən mövqelərimizi və Qışlaq, Quşçular, Süleymanlı kəndlərini də Hadrut istiqamətindən iriçaplı pulemyotlardan atəşə tutublar.
Son vaxtlar düşmən nə qədər səy göstərsə də, Qubadlı bölgəsindəki döyüşçülərimizin əzmini qıra bilməmişdir. Burada da düşmənə layiqli cavab verilir. Hazırda ordumuzun bölmələri Başarat-Topağac istiqamətində uğurlu əməliyyatlar aparırlar.
Zəngilan rayonunun atəşə tutulması ara vermir. Ötən gecə rayonun Seyidlər, Ağkənd, Qazançı kəndləri və Şükürataz yüksəkliyi Ermənistanın Qafan və Mehri rayonlarının ərazisindən toplardan və “Qrad” qurğularından güclü atəşə tutulub.