Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Oktyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Son günlər Qarabağın zəbt edilmiş ərazisində olan erməni ekspedisiya korpusunun bölmələri yaşayış məntəqələrimizin və mövqelərimizin atəşə tutulmasını daha da şiddətləndirmişlər. Oktyabrın 28-nə keçən gecə Füzuli rayonunun mərkəzi və bir sıra yaşayış məntəqələri bu istiqamətdə yerləşən erməni mövqelərindən güclü artilleriya atəşinə məruz qalıb. Topçularımız tutarlı cavab atəşi açaraq düşmənin atəş nöqtələrini susdurmuşlar. Ötən gecə düşmən Cəbrayıl istiqamətində yerləşən mövqelərimizi və Qışlaq, Quşçular, Süleymanlı kəndlərini də Hadrut istiqamətindən iriçaplı pulemyotlardan atəşə tutublar. Ağdam istiqamətində də bütün cəbhə boyu gərgin döyüşlər gedir.
Son vaxtlar düşmən nə qədər səy göstərsə də, Qubadlı bölgəsindəki döyüşçülərimizin əzmini qıra bilməmişdir. Burada düşmənə layiqli cavab verilir. Ordumuzun Qubadlı və Zəngilan bölmələri Başarat-Topağac istiqamətində uğurlu əməliyyatlar apararaq Qaradaş, Dağyurd, Qantəpər yüksəkliklərini və bu istiqamətdə ən strateji yüksəklik olan Topağacı ələ keçiriblər. Bu döyüşlərdə düşmənin xeyli canlı qüvvəsi məhv edilib.
Zəngilan rayonunun atəşə tutulması ara vermir. Ötən gecə və bu gün rayonun Seyidlər, Ağkənd, Qazançı kəndləri və Şükürataz yüksəkliyi Ermənistanın Qafan və Mehri rayonlarının ərazisindən toplardan və “Qrad” qurğularından güclü atəşə tutulub.
Naxçıvan MR-nın Sədərək qəsəbəsi istiqamətində atışmalar davam edir. Bu gün MR-nın Şərur rayonu da atəşə məruz qalıb.
Ermənilər öz mənfur simalarını bir daha nümayiş etdiriblər. Qazax rayonunun Ermənistanla sərhədində 2 tərəfin görüşü keçirilərkən danışıqların getdiyi Quşçu Ayrım kəndi toplardan atəşə tutulub. Eyni zamanda Qazax rayonunun Köhnə Qışlaq kəndi, Tovuz rayonunun Çənlibel kəndi Ermənistan ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə məruz qalıb.