Azərbaycan Silahlı Qüvvələrinin Ağdam və Ağdərə bölgələrindəki bölmələri bütün cəbhə boyu hərbi əməliyyatları davam etdirirlər. Ermənilər Araçadzor, Sırxavənd istiqamətində əlavə qüvvələr toplayaraq güclü müqavimət göstərirlər. Döyüşçülərimiz düşmənin bu müqavimətini qırmaq üçün əlavə tədbirlər görürlər.
Ordumuzun bölmələri Laçın rayonunun şimalında da erməni mövqelərinə tutarlı zərbələr endirirlər.
Düşmən sərhəd bölgələrimizin atəşə tutulmasını gücləndirib. Dünən axşam və ötən gecə Qazax rayonunun ərazisi, Ağstafanın Qızılhacılı, Əlibəyli, Köhnəqışlaq kəndləri, Tovuzun sərhəd məntəqələri Ermənistan ərazisindən müxtəlif silahlardan atəşə tutulub. Bu gün yenə də Tovuzun Ağdam, Əlibəyli kəndləri Ermənistanın Şəmşəddin rayonu istiqamətindən top atəşinə məruz qalıb.
Ötən gecə Zəngilan rayonunun Seyidlər, Ağkənd, Qazançı kəndləri də Ermənistanın Qafan rayonu ərazisindən avtomatlardan və pulemyotlardan atəşə tutulub.
Naxçıvan MR-nın Sədərək qəsəbəsi istiqamətində atışmalar davam edir.