Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Oktyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Son bir neçə gündə Azərbaycan Milli Ordusu və erməni ekspedisiya korpusu hissələri arasında əsas əhəmiyyətli döyüşlər Laçın dəhlizinin cənub və şimal istiqamətlərində gedir. Dünən, oktyabrın 29-u axşam Azərbaycan Silahlı Qüvvələrinin Qubadlı bölmələri ermənilərin Güləbird kəndinə növbəti hücumunu dəf ediblər. Eyni zamanda Səfiyan kəndi yanında düşmənin 1 tankı məhv edilib. Saat 23-24 radələrində Muradxanlı kəndi “Qrad” tipli qurğudan erməni atəşinə tutulub. Bütün gecə ərzində bölgədə artilleriya atışması davam edib. Laçın rayonunun şimal hissəsində gedən döyüşlərdə müəyyən qədər müvəffəqiyyətlər əldə edilib.
Dünən axşam digər sərhəd bölgələrimiz də erməni mövqelərindən atəşə məruz qalıb. Ağstafa rayonunun Qanlıdərə sahəsi, Zəngilan rayonunun Kolluqışlaq kəndi və Naxçıvan MR-nın Sədərək qəsəbəsi müxtəlif növ silahlardan atəşə tutulub. Sədərəkdə yaralananlar var.
Qarabağda yerli əhəmiyyət daşıyan döyüşlər davam edir. Gecə ərzində Füzuli istiqamətində ara-sıra top atışmaları olub. Şimalda Sırxavənd və Araçadzor məntəqələri istiqamətində bölmələrimiz irəliləyirlər.