Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Oktyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Ordusu və erməni ekspedisiya korpusu hissələri arasında əsas döyüşlər Laçın dəhlizinin cənub və şimal istiqamətlərində gedir. Dünən, oktyabrın 29-da, axşam Azərbaycan Silahlı Qüvvələrinin Qubadlı bölmələri ermənilərin Güləbird kəndindən hücumunu dəf ediblər. Səfiyan kəndi yaxınlığında düşmənin 1 tankı məhv edilib. Dünən Muradxanlı kəndi “Qrad” tipli qurğulardan atəşə tutulub. Laçın rayonunun şimal hissəsində gedən döyüşlərdə ordumuzun əsgərləri üstünlük əldə ediblər. Bu gün düşmən Laçın rayonunun Güləbird və Qubadlı rayonunun Həkəri kəndlərini atəşə tutublar.
Müdafiə Nazirliyi Analitik İnformasiya Mərkəzi dəfələrlə kütləvi informasiya orqanları məsul işçilərinin nəzərinə çatdırıb ki, döyüş bölgələrindən məlumatı yalnız bizim mərkəzə istinad edərək yaysınlar. Azərbaycan televiziyası bizim tənqiddən nəticə çıxararaq son günlər döyüş bölgələrindən daha obyektiv məlumatlar verir. Lakin digər informasiya vasitələri, xüsusilə qəzetlər yoxlanılmamış məlumatlar yazmaqda davam edirlər. “Səhər” qəzeti bugünkü nömrəsində əsassız olaraq yazmışdı ki, Qubadlı rayonunun Muradxanlı kəndi istiqamətində döyüşlər gedir. Halbuki, Muradxanlı kəndi və ondan xeyli şimalda yerləşən Güləbird kəndi də döyüşçülərimizin nəzarəti altındadır. Cəbhə xətti isə Güləbirddən də şimal tərəfdə yerləşir. Belə yanlış xəbər yaymaqla bu cür informasiya vasitələri xalqımızı çaşdırır, Ordumuzun döyüş qabiliyyətinə xələl gətirirlər.
Dünən axşam və bu gün digər sərhəd bölgələrimiz də erməni mövqelərindən atəşə məruz qalıb. Ağstafa rayonunun Qanlıdərə sahəsi, Zəngilan rayonunun Kolluqışlaq kəndi və Naxçıvan MR-nın Sədərək qəsəbəsi müxtəlif növ silahlardan atəşə tutulub. Sədərəkdə yaralananlar var.
Qarabağda yerli əhəmiyyət daşıyan döyüşlər davam edir. Ötən gecə ərzində Füzuli istiqamətində ara-sıra top atışmaları olub. Şimalda Sırxavənd, Vəngli və Araçadzor məntəqələri istiqamətində Ordumuzun Tərtər bölmələri irəliləyirlər.
Bu gün, oktyabrın 30-da Ermənistan ərazisindən qalxan düşmənin hərbi təyyarəsi Xocalı aeroportunda yerə endikdən sonra döyüşçülərimiz tərəfindən məhv edilmişdir.