Dünən, oktyabrın 30-da, Qarabağın müxtəlif bölgələrində döyüşlər davam edib. Azərbaycan Ordusunun Ağdam bölmələri Xanabad kəndi istiqamətində döyüşlər apararaq, ermənilərin 4 ədəd zirehli texnikasını sıradan çıxarıblar. Düşmən canlı qüvvə sarıdan da xeyli itki verib. Bizim əsgərlərdən 4 nəfər şəhid olub və 22-si yaralanıb. Axşamüstü Ağdam şəhəri erənilərin işğal etdiyi Qarakənd və Gülablı kəndləri tərəfdən top atəşinə tutulub. Nəticədə şəhərdə dağıntılar olub.
Dünən ermənilər tərəfindən Qarabağda yeni bir insanlığa qarşı cinayət törədilib. Cəbrayıl rayonunun Qışlaq kəndi yaxınlığında üstündə bütün dünyada tanınan Qırmızı Aypara nişanları daşıyan Azərbaycan sanitar maşınına erməni mövqelərindən atəş açılıb. Xoşbəxtlikdən heç kəs həlak olmayıb, 2 əsgərimiz yüngül yaralanıb.
Oktyabrın 30-da Naxçıvan MR-nın Sədərək qəsəbəsi Ermənistan ərazisindən atəşə tutulub. Nəticədə 2 nəfər (onlardan biri mülki şəxs) həlak olub və 18 nəfər (aralarında 5 nəfər dinc sakin) yaralanıb. Dünən Azərbaycanın Gədəbəy və Ermənistanın Krasnoselsk rayonlarında cəmləşən qoşun komandirlərinin atəşin müvəqqəti olaraq dayandırılması haqqında sövdələşmələrinə baxmayaraq Gədəbəyin Mormor kəndi ermənilərin əlində olan Keçəldağ yüksəkliyindən atəşə tutulub.
Dünənki döyüşlərdən sonra axşam, ötən gecə və bu gün, oktyabrın 31-i əsasən sakit keçib. Yalnız bəzi yerlərdə atışmalar fasilələrlə sakitliyi pozub. Zəngilan rayonunun Seyidlər, Qazançı və Ağkənd məntəqələri, Ağstafa rayonunun Köhnə Qışlaq kəndi və Cəbrayıl rayonunun Qışlaq və Quşçular gözətçi məntəqələri ağır və yüngül silahlardan atəşə tutulub. Bütün hallarda erməni mövqelərinə cavab atəşi açılıb və düşmənin atəş nöqtələri susdurulub.
Dünən xəbər vermişdik ki, Xocalı aeroportuna endikdən sonra ermənilərin hərbi təyyarəsi döyüşçülərimizin sərrast atəşi ilə sıradan çıxarılıb. Dəqiqləşdirilmiş məlumata görə oktyabrın 30-da Həmən hava limanında düşmənin bir yox, iki təyyarəsi məhv edilib. Təəssüflə qeyd etməliyik ki, bu gün Qarabağ səmasında Azərbaycan Hərbi Hava Qüvvələrinin də bir təyyarəsi vurulub.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi tətbiqi-hüquq şöbəsinin verdiyi məlumata görə, N hərbi hissəsini özbaşına tərk etdyi üçün Abdullayev Hüseyn Qəzəb oğlu barədə cinayət işi qaldırılıb və onu həbs edib.
17 sentyabr 1992-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasında işə baxılıb və Abdullayev H.Q. 3 il müddətinə azadlıqdan məhrum edilib.