Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Sentyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Bir neçə gün əvvəl Alma-Atada əldə edilmiş razılaşmaya əsasən bu gün, sentyabrın 1-dən etibarən Azərbaycan-Ermənistan münaqişə zonası boyu atəş dayandırılmalı idi. Lakin cəbhədən aldığımız xəbərlər göstərir ki, Ermənistan tərəfi nəinki atəşi kəsmək haqqında sazişə əməl etmək istəmir, əksinə bütün cəbhə boyu mövqelərimizin və yaşayış məntəqələrimizin atəşə tutulmasını xeyli gücləndirir.
Belə ki, Gədəbəy rayonu ilə sərhəd Ermənistanın Krasnoselsk rayonunun ərazisində çoxlu canlı qüvvə və texnika cəmləşdirən düşmən bu gün səhər saat 6-da artilleriya, tank və vertolyotların köməyi ilə bütün dövlət sərhədi boyu hücuma keçmiş və Azərbaycan ərazisində olan strateji yüksəklikləri tutmuşlar.
Eyni vaxtda Gədəbəy rayonunun Mormor, Mutudərə, Göyəli kəndləri də atəşə tutulub. Bu vəhşi aksiya nəticəsində bizimkilərdən 4 nəfər şəhid olub, 10 nəfər isə yaralanıb.
Sentyabrın 1-nə keçən gecə düşmən Laçın dəhlizi ilə hərbi sursatla dolu 40 maşından ibarət karvanı keçirmək istəyib. Bu məqsədə çatmaq üçün düşmən Qubadlı rayonunun ərazisini güclü atəşə tutub.  
Sentyabrın 1-nə keçən gecə Tovuz rayonunun Ağdam, Əlibəyli, Ağköynək, Hacıalı kəndləri, Ağstafa rayonunun Köhnə Qışlaq kəndi, Qazax rayonunun Musaköy kəndi Ermənistanın ərazisindən, habelə Cəbrayıl rayonunun Qışlaq, Süleymanlı kəndi, Ağdamın Abdal, Gülablı, Ağdərənin Orta və Baş Güneypəyə, Gülyataq, Mehmana kəndləri, Füzuli rayonunun Qacar kəndi Yuxarı Qarabağın erməni mövqelərindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Nəticədə Cəbrayıl rayonunun dinc sakinlərindən 2 nəfər həlak olub, 20-dən çoxu yaralanıb. Çoxlu dağıntı var. Bu gün sentyabrın 1-də axşam saat 19:00-dan başlayaraq Füzuli rayonu  intensiv atəşə tutulur.
Yalnız Zəngilan rayonunda nisbi sakitlikdir.
Münaqişə zonasında hərbi əməliyyatların dayandırılması mexanizmini hazırlayan işçi qrup bu gün Bakıda öz işinə başlayıb. Bu qrupun tərkibinə prezident Nazarbayevin nümayəndəsi, Azərbaycan Respublikası Xarici İşlər və Müdafiə nazirliklərinin əməkdaşları daxildir.
Azərbaycan tərəfinin ilk növbədə Azərbaycan-Ermənistan sərhədində hərbi əməliyyatları dayandırılmasını nəzərdə tutan təklifləri təqdim edilmişdir.