Bir neçə gün əvvəl Alma-Atada əldə edilmiş razılaşmaya əsasən bu gün, sentyabrın 1-dən etibarən Azərbaycan-Ermənistan münaqişə zonası boyu dünya ictimaiyyətinə atəşin dayandırılması elan edilmişdir. Lakin cəbhədən aldığımız xəbərlər göstərir ki, erməni tərəfi heç də atəşi kəsmək sazişinə riayət etmək fikrində deyil.
Dünən axşam və və bu gün, sentyabrın 1-də, bütün gecə və səhər erməni ordusu Füzuli, Cəbrayıl və Qubadlı şəhərlərini hədəf seçərək dinc əhalinin başına “Qrad” və artilleriya mərmilərini yağdırmaqla məşğul olub. 2 dinc sakin həlak olub, 23 mülkü şəxs yaralanıb. Dağıntı var, 8 ədəd avtomaşın tam sıradan çıxarılıb.
Sentyabrın 1-nə keçən gecə Cəbrayıl rayonunun Qışlaq və Süleymanlı, Tovuz rayonunun Ağdam, Hacalı və Ağköynək kəndləri, Ağdərə rayonunun Orta və Baş Güneypəyə, Ağdam rayonunun Abdal və Gülablı kəndləri “Qrad” qurğularından, toplardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəşə tutulub.
Qubadlıdan aldığımız məlumata görə, ermənilər Gorus-Dığ istiqamətindən Laçın dəhlizi ilə keçirmək məqsədilə hərbi sursatla dolu 40 maşın toplayıblar.
Gədəbəydən xəbər verirlər ki, sentyabrın 1-nə keçən gecə səhərə qədər Mutudərə, Mormor və İvanovka kəndləri müxtəlif təyinatlı silahlardan güclü atəşə tutulub. Saat 6-ya yaxın erməni ordusu “Qrad” qurğularından, top, tank və vetolyotlardan istifadə edərək Azərbaycan dövlət sərhədinə hücuma keçmişlər. Məqsəd sərhəd zonasında yerləşən hakim yüksəklikləri almaq və Gədəbəy rayonunun dinc əhalisini daima artilleriya atəşi ilə narahat etməkdir.