Alma-Atada əldə edilmiş razılığa əsasən, sentyabrın 1-də Azərbaycan-Ermənistan münaqişə zonası boyu atəş kəsilməli idi. Lakin Ermənistan tərəfinin təqsiri üzündən buna əməl olunmur. Azərbaycan tərəfi atəşi ilk növbədə Azərbaycan-Ermənistan sərhədində dayandırmağı təklif edir. Atəşin kəsilməsi mexanizmini hazırlamaq üçün Azərbaycan-Ermənistan sərhədində hər iki tərəfin işçi qruplarının görüşünün keçirilməsinə hazırlıq görülür.
Ermənistan Yuxarı Qarabağa hərbi sursat keçirmək niyyətindən əl çəkmir. Dünən gecə yarısı Laçın dəhlizindən avtomobil karvanı keçirmək üçün düşmən tərəfi daha 2 cəhd göstərmişdir. Döyüşçülərimizin sayıqlığı nəticəsində bu cəhdlər boşa çıxmışdır.
Alınan məlumatlara görə Qazax rayonunun Fərəhli, Cəfərli kəndləri, Tovuz rayonununn Əlibəyli kəndləri istiqamətində ermənilər xeyli qüvvələr cəmləşdirirlər.
Sentyabrın 2-nə keçən gecə və bu gün münaqişə zonasında mövqelərimizin və yaşayış məntəqələrinin atəşə tutulması davam etmişdir. Belə ki, Zəngilan rayonununn Yuxarı Yeməzli, Qazançı, Seyidlər, Ağkənd, Şükürataz, Kollu kəndləri, Qubadlı rayonununn Novlu kəndi Qafan rayonu istiqamətindən, Gədəbəy rayonunun Mormor, Mutudərə kəndləri Krasnoselk istiqamətindən, Ağstafa rayonununn Qanlı-Qaya sahəsindəki mövqelərimiz Ermənistan ərazisindən atəşə tutulub. Nəticədə Qubadlıda 1, Ağstafada 1 nəfər yaralanıb. Döyüşçülərimiz bütün istiqamətlərdə düşmənlərə tutarlı cavab verirlər.
Yuxarı Qarabağda da vəziyyət gərgindir. Ağdam rayonunun Şelli, Abdal, Gülablı kəndləri, Füzuli rayonunun Zərgərli məntəqəsi, keçmiş Hadrut rayonununn Sur kəndi, Cəbrayıl rayonununn Qışlı, Süleymanlı kəndləri erməni mövqelərindən atəşə tutulub. Silahlı qüvvələrimiz əks-zərbə endirmək məcburiyyətində qalıb.
Qarabağın şimalında hərbi təşəbbüs ordumuzun Tərtər, Ağdam və Kəlbəcər bölmələrinin əlindədir.