Alma-Atada Azərbaycan-Ermənistan münaqişə zonası boyu atəşin dayandırılması barədə əldə edilmiş razılıq Ermənistan tərəfinin təqsiri üzündən pozulur.
Dünən sentyabrın 1-də, axşam saat 18 radələrində Zəngilan rayonunun Qazançı kəndi müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Təxminən saat 20:00-da Ağstafanın Köhnə Qışlaq kəndi də pulemyot və avtomatlardan atəşə tutulub. Nəticədə bizim bir əsgərimiz yaralanıb. Elə bu vaxt Zəngilanın Şükürataz kəndi də Ermənistanın Mehri rayonu ərazisindən atəşə məruz qalıb. Dünən axşam Naxçıvan MR-nın Şahbuz rayonunun Batabat məntəqəsindəki polis postları Ermənistanın Sisiyan rayonu istiqamətindən atəşə tutulub.
Ermənistan Yuxarı Qarabağa hərbi sursat və texnika keçirmək niyyətindən əl çəkmir. Dünən günün ikinci yarısında Laçın dəhlizindən avtomobil karvanı keçirmək üçün düşmən tərəfi daha 2 cəhd göstərmişdir.
Sentyabrın 2-nə keçən gecə və bu gün səhər də münaqişə zonasında yaşayış məntəqələrimizin atəşə tutulması davam etmişdir. Belə ki, Zəngilan rayonunun Yuxarı Yeməzli, Qazançı, Seyidlər, Ağkənd, Şükürataz, Kollu kəndləri, Qubadlı rayonununn Novlu kəndi Qafan rayonu istiqamətindən, Gədəbəy rayonununn Mormor, Mutudərə kəndləri Krasnoselk rayonu istiqamətindən intensiv atəşə tutulur. Qubadlı rayonunda 1 nəfər ağır yaralanıb.
Sentyabrın 2-nə keçən gecə Ağdam rayonunun Şelli, Abdal, Gülablı kəndləri Yuxarı Qarabağdakı erməni mövqelərindən artilleriya atəşinə məruz qalıb.
Qazax, Tovuz, Kəlbəcər, Tərtər, Füzuli, Cəbrayıl bölgələrində sakitlikdir.