Azərbaycan torpağının erməni quldur dəstələrindən təmizlənməsi əməliyyatı uğurla davam edir. Sentyabrın ilk günlərində aparılmış döyüş əməliyyatları nəticəsində daha bir neçə məntəqə strateji əhəmiyyətli Koçoqot, Kiçik və Böyük Paqosoqomer kəndləri azğın düşməndən azad edilmişdir. Hazırda Yuxarı Qarabağın Çıldıran, Sırxavənd kəndləri uğrunda döyüşlər gedir.
Azərbaycan-Ermənistan sərhədi boyunca atəşin dayandırılması haqqında sazişə düşmən tərəfinin əməl edəcəyinə etibar etməyən döyüşçülərimiz öz sayıqlıqlarını bir an da olsun itirmirlər. Sentyabrın 3-nə keçən gecə düşmənin Laçın dəhlizi ilə hərbi sursatla dolu avtomobil karvanı keçirmək cəhdi boşa çıxmışdır. Topçularımız tərəfindən bir neçə maşını məhv edilən bu karvan geri qayıtmağa məcbur olub.
Vəziyyətin nisbətən sabitləşməsinə baxmayaraq düşmən mövqelərimizi atəşə tutmaq üçün hər bir imkandan istifadə edir. Sentyabrın 1-nə keçən gecə Qazax rayonunun ərazisi, Gədəbəyin sərhəd postları, Qubadlı rayonunun mərkəzi və sərhəd kəndləri, Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsi, Şahbuz rayonunun Batabat məntəqəsi Ermənistan ərazisindən müxtəlif silahlardan atəşə tutulub.
Bu gün isə Qazaxın Quşçu Ayrım, Fərəhli kəndləri, Ağstafa rayonunun Qanlı Qaya sahəsi atəşə məruz qalıb.
Digər münaqişə bölgələrində sakitlikdir.