Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Sentyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan-Ermənistan sərhədində atəşin dayandırılması haqqında danışıqların nəticəsi hiss olunmaqdadır. Bu gün yalnız Qazax və Ağstafa rayonlarının bəzi məntəqələri və Naxçıvan MR-nın Sədərək qəsəbəsi ara-sıra atəşə tutulub. Digər sərhəd bölgələrində vəziyyət sabitləşmişdir.
Əldə edilmiş razılıqdan sonra və Laçın dəhlizinin topçularımız tərəfindən qismən bağlanması nəticəsində Ermənistandan əlavə hərbi qüvvə ala bilməyəcəyini görən Qarabağın dağlıq hissəsindəki erməni quldur dəstələri daha da azğınlaşmış və Qarabağın azərbaycanlılar yaşayan məntəqələrinə təzyiqi gücləndirmişlər.
Bu gün səhər saat 5-dən başlayaraq Füzuli rayonunun Dördlər, Yuxarı Dilağarda, Veysəlli, Divanalılar kəndləri intensiv top atəşinə tutulub. Cavab atəşi ilə düşmənin əsas atəş nöqtələri susdurulub. Divanalılar kəndində dinc sakinlərdən 5 nəfər yaralanıb.
Erməni quldur dəstələri Ağdam istiqamətində də xeyli azğınlaşıblar. Sentyabrın 4-nə keçən gecə düşmənlər güclü artilleriya atəşindən sonra Avdur, Norşen, Qarakənd istiqamətindən Ağdam rayonunun Abdal, Gülablı kəndlərinə tanklardan və başqa hərbi texnikadan istifadə etməklə hücuma keçiblər. Şiddətli döyüşlərdən bu kəndlərin müdafiəçiləri mövqelərini tərk etməyə məcbur olublar. Hazırda döyüşçülərimiz bu mövqeləri geri qaytarmaq üçün əməliyyat aparırlar.