Azərbaycan-Ermənistan sərhədində atəşin dayandırılması haqqında da danışıqların nəticəsi hiss olunmaqdadır. Dünən axşam yalnız iki sərhəd məntəqəmiz - Gədəbəy rayonunun Mutudərə kəndi və Naxçıvan MR-nın Sədərək qəsəbəsi yüngül silahlardan atəşə tutulub. Sentyabrın 4-nə keçən gecə və bu gün səhər sərhəd bölgələrində sakitlikdir.
Artıq əldə edilmiş razılıqdan və Laçın dəhlizinin topçularımız tərəfindən qismən bağlanmasından sonra Ermənistandan əlavə qüvvə ala bilməyəcəyini görən Qarabağın dağlıq hissəsindəki erməni quldur dəstələri daha da azğınlaşmış və Qarabağın azərbaycanlılar yaşayan məntəqələrinə təzyiqi gücləndirmişlər. Dünən axşam Füzuli şəhəri və ətrafdakı kəndlər ermənilərin məskunlaşdığı Tuğ, Salakətin, Çartaz məntəqələri istiqamətindən toplardan və “Qrad” qurğularından atəşə tutulub. Füzuli şəhərinin yaxınlığındakı Dövlətyarlı kəndində iki ev dağıdılıb. Təlafat yoxdur. Cavab atəşi ilə düşmən susdurulub. Bu gün səhər saat 5-dən başlayaraq Füzuli rayonunun Dördlər, Yuxarı Dilağarda, Veysəlli, Divanalılar kəndləri intensiv top atəşinə tutulub. Cavab atəşi ilə düşmənin əsas atəş nöqtələri susdurulub. Hazırda yalnız Divanalılar atəşə tutulur.
Ermənilər Ağdam istiqamətində də xeyli fəallaşıblar. Onlar Avdur, Norşen, Qarakənd istiqamətindən Ağdamın Abdal, Gülablı kəndlərinə hücuma keçiblər. Burada düşmən güclü texnikadan, top və tanklardan istifadə edir. Döyüşçülərimiz düşməni dəf etmək üçün tədbirlər görürlər.