Qarabağın şərqində dünəndən başlayaraq gərgin döyüşlər gedir. Digər bölgələrdə ağır məğlubiyyətə uğrayan ermənilər əsas qüvvələrini Ağdam istiqamətində yönəldiblər. Qalan gücünü toplayaraq erməni ekspedisiya korpusu dünən və bu gün, sentyabrın 5-i ərzində bütün Ağdam cəbhəsi boyu hücuma keçib. Abdal, Gülablı, Dəhraz, Ağbulaq, Aranzəmin, Pircamal, Naxçıvanik və Xramort kəndlərini zəbt etmişdir. Lakin ermənilərin burada duruşu bir gün də çəkmədi.
Azərbaycan Silahlı Qüvvələri Baş Komandanlığının gördüyü tədbirlər nəticəsində ordumuzun cavab zərbələrinə tab gətirməyən düşmən texnika və canlı sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olub. Azərbaycan Ordusunun hissələri ermənilərin belini qıraraq, Xramort, Pircamal və Aranzəmin kəndlərini yenidən almışdır. Düşmənin son hücum cəhdini puça çıxaran qoşunlarımızın müzəffər əks-hücumu Naxçıvanik, Abdal və Gülablı kəndləri uğrunda gedən qızğın döyüşlər də davam edir.
Azərbaycan Silahlı Qüvvələrinin hər tərəfli təzyiqindən çıxılmaz vəziyyətə düşən erməni əhalisi ötən gecə 60 sərnişin daşıyan maşınla Laçın yolu ilə Ermənistana çıxıb gedib. Düşmənin Qarabağa silah və sursat daşımaq səylərinin ardıcıl qarşısını alan topçularımız erməni siyasətbazları tərəfindən bəlaya düçar edilən dinc əhaliyə toxunmamışlar.
Azərbaycan-Ermənistan sərhədində də sabitlik ermənilərin təqsiri üzündən pozulur. Dünən erməni birləşmələri Ağstafa rayonunun Qanlı Qaya sahəsində iki dəfə həmlə ediblər. Hər iki halda döyüşçülərimiz tərəfindən geri oturdulublar.
Sentyabrın 5-nə keçən gecə və bu gün ərzində Qazax rayonunun Quşçu Ayrım, Zəlixan, Məzəm, Bala Cəfərli kəndləri, Ağstafa rayonunun Qanlıdərə sahəsi, Tovuzun Ağdam və Əlibəyli, Gədəbəyin Mormor, Mutudərə, Novoivanovka, Füzulini Qacar, Laçının Suarası, Xanalar və Aşağı Fərəcan kəndləri, Qubadlı və Zəngilan rayonlarının sərhəd məntəqələri, Naxçıvan MR-nın Sədərək qəsəbəsi və Şada kəndi müxtəlif növ silahlardan atəşə tutulub. 2 nəfər həlak, 8 nəfər yaralanıb. Bütün hallarda düşmənə cavab atəşi açılıb.
Laçın bölgəsinin Xanalar kəndi ətrafındakı döyüşlərdə düşmənin 1 tankı, 2 PDM-i və xeyli canlı qüvvəsi məhv edilib.