Qarabağın şərq hissəsində dünəndən başlanan döyüşlər nəticəsində vəziyyət xeyli gərginləşmişdir. Digər bölgələrdə ağır məğlubiyyətə uğrayan ermənilər əsas qüvvələrini Ağdam rayonu istiqamətində yönəldiblər.
Gərgin döyüşlərdən sonra düşmən Abdal, Gülablı, Xramort, Dəhraz, Ağbulaq, Pircamal, Naxçıvanik kəndlərini zəbt ediblər. Müdafiə Nazirliyi düşmənin hücumlarının qarşısını almaq üçün təcili tədbirlər görür.
Azərbaycan-Ermənistan sərhədində də sabitlik pozulur. Dünən ermənilər Ağstafa rayonunun Ballıqaya sahəsinə iki dəfə həmlə ediblər. Hər iki halda döyüşçülərimiz tərəfindən geri oturdulublar.
Sentyabrın 5-nə keçən gecə Tovuz rayonunun Ağdam, Əlibəyli kəndləri, Gədəbəyin sərhəd məntəqələri, Zəngilan rayonunun Qazançı kəndi, Naxçıvan MR-nın Sədərək qəsəbəsi, Şahbuz rayonunun Şada qəsəbəsi Ermənistan ərazisindən, Füzuli rayonunun Qacar kəndi, Laçın rayonunun Aşağı Fərəcan kəndi erməni mövqelərindən atəşə tutulub. Qacar kəndində 1 nəfər həlak olub, 4 nəfər yaralanıb.
Laçın rayonunun Xanalar kəndi ətrafındakı döyüşlərdə ordumuzun Qubadlı bölmələri düşmənin 1 tankını, 2 PDM-ni və xeyli canlı qüvvəsini məhv ediblər.
Qazax, Cəbrayıl bölgələrində nisbi sakitlikdir.