Erməni millətçiləri öz xəyanətkar əməllərindən əl çəkmirlər. Onlar yenə də danışıqlar nəticəsində əldə olunmuş Azərbaycan-Ermənistan sərhədində atəşin kəsilməsi haqqında sazişi pozmaqda davam edirlər. Ötən gecə demək olar ki, bütün sərhəd bölgələrimiz düşmən tərəfinin atəşinə məruz qalıb. Qazax rayonunun bütün sərhəd boyu kəndləri avtomatlardan və iriçaplı pulemyotlardan atəşə tutulub.
Sentyabrın 7-nə keçən gecə Tovuz rayonunun Ağdam və Əlibəyli kəndləri də Ermənistan ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Eyni zamanda Ağstafanın Köhnə Qışlaq kəndinin də avtomat və pulemyotlardan atəşə tutulması nəticəsində 1 nəfər yaralanıb. Sentyabrın 7-nə keçən gecə Gədəbəy rayonunun Novoivanovka kədinin yaxınlığındakı sərhəd postu da güclü atəşə tutulub. Ötən gecə Zəngilan rayonunun Qazançı, Seyidlər, Ağkənd kəndləri isə müxtəlif silahlardan atəşə məruz qalıb. Seyidlər kəndində bir ev yanıb. Naxçıvanın MR-nın Sədərək qəsəbəsi də ara-sıra atəşə tutulub. Bütün hallarda döyüşçülərimiz tərəfindən düşmənə layiqli cavab verilib.
Ermənistan Alma-atada əldə edilmiş razılıqların şətlərini pozaraq var gücü ilə Qarabağın dağlıq hissəsinə hərbi sursat və texnika keçirmək istəyir. Ötən gecə saat 3 radələrində Laçın yolu ilə Ermənistandan Yuxarı Qarabağa keçirilən karvanın qarşısı igid döyüşçülərimiz tərəfindən alınıb. Buradakı döyüş nəticəsində ermənilər xeyli itki verərək geri çəkiliblər. Bizimkilərdən 1 nəfər yaralanıb.
Ermənistanın hakim dairələrinə arxalanan Qarabağdakı erməni terrorçuları öz bəd əməllərindən əl çəkmirlər. Ötən gecə Ağdam cəbhəsindəki bütün mövqelərimiz, Cəbrayıl rayonunun Qaracallı kəndi güclü atəşə məruz qalıb.
Qarabağın şimalında isə mövqe döyüşləri davam edir.