Erməni millətçiləri öz xəyanətkar əməllərindən yenə də əl çəkmirlər. Onlar yenədə danışıqlar nəticəsində əldə olunan Azərbaycan-Ermənistan sərhədində atəşin kəsilməsi haqqında sazişi pozmaqda davam edirlər. Ötən gecə demək olar ki, bütün sərhəd bölgələrimiz düşmən tərəfinin atəşinə məruz qalıb. Qazax rayonunun bütün sərhəd boyu kəndləri avtomatlardan və iriçaplı pulemyotlardan atəşə tutulub. Sentyabrın 7-nə keçən gecə Tovuz rayonunun Ağdam və Əlibəyli kəndləri Ermənistan ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Eyni zamanda Ağstafanın Köhnə Qışlaq kəndinin də avtomat və pulemyotlardan atəşə tutulması nəticəsində 1 nəfər yaralanıb. Sentyabrın 7-nə keçən gecə Gədəbəy rayonunun Novoivanovka kəndinin yaxınlığındakı sərhəd məntəqəsi də güclü atəşə tutulub. Ötən gecə Zəngilan rayonunun Qazançı, Seyidlər, Ağkənd kəndləri isə müxtəlif silahlardan atəşə məruz qalıb. Seyidlər kəndində bir ev yanıb. Naxçıvanın MR-nın Sədərək qəsəbəsi və Batabat məntəqəsi də ara-sıra atəşə tutulub. Bütün hallarda döyüşçülərimiz tərəfindən düşmənə layiqli cavab verilib. Bundan sonra Qazax, Tovuz, Ağstafa, Qubadlı və Zəngilan rayonlarında sakitlik olmuşdur.
Lakin bu gün erməni dəstələri Ağstafa rayonunun Qanlıdərə ərazisini atəşə tutmuşlar. Düşmən hücumu dəf edilərkən onun 1 maşını və 4 yaraqlısı məhv edilib. Bu gün səhər saat 8-dən başlayaraq Gədəbəy rayonunun Novoivanovka kəndi və sərhəd məntəqələri atəşə tutulub. Biz tərəfdən bir nəfər həlak olub, iki nəfər yaralanıb. Cavab atəşi ilə düşmənin bir yaraqlısı məhv edilib.
Sentyabrın 7-də səhərdən başlayaraq Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı və Balyand kəndləri Qarabağdakı erməni mövqelərindən “Qrad” tipli qurğulardan, toplardan atəşə tutulub.
Ermənistan Alma-atada əldə edilmiş razılıqların şərtlərini pozaraq var gücü ilə Qarabağın dağlıq hissəsinə hərbi sursat və texnika keçirmək istəyir. Ötən gecə saat 3 radələrində Laçın yolu ilə Ermənistandan Yuxarı Qarabağa keçirilən karvanın qarşısı igid döyüşçülərimiz tərəfindən alınıb. Buradakı döyüş nəticəsində ermənilər xeyli itki verərək geri çəkiliblər. Bizimkilərdən bir nəfər yaralanıb.
Bir neçə gündür ki, Ağdam bölgəsində döyüşlər gedir. Uzun müddət ərzində Xankəndi istiqamətində xeyli ehtiyat qüvvə toplayan Ermənistan ekspedisiya korpusu bölgədə vəziyyəti gərginləşdirməyə cəhd göstərir. Bu gün Ağdam istiqamətindəki mövqelərimiz güclü atəşə məruz qalıb. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri fədakarcasına düşmənin həmlələrini dəf edirlər. Digər döyüş zonalarında olduğu kimi Əsgəran-Xanabad səmtində də Ermənistan ordusu tezliklə məğlub ediləcək.
Qarabağın şimalında mövqe döyüşləri gedir.