Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Sentyabr 1992 10:01

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan tərəfi Alma-atada sazişə məhəl qoymayaraq dövlət sərhədlərimizi pozmaqda davam edir. Sentyabrın 7-də saat 16:30-dək davam edən artilleriya hazırlığından sonra erməni birləşmələri İvanovka kəndinin fermasına hücum edib, 2 dinc sakini qətlə yetiriblər. Döyüşçülərimizin əks-hücumu sayəsində düşmən geri çəkilməyə məcbur olub. Döyüş zamanı 1 erməni öldürülüb.
Sentyabrın 8-nə keçən gecə Ağstafanın Muncuqlu kəndi də Ermənistan ərazisindən atəşə tutulub. Cavab atəşi ilə düşmən susdurulub.
Ötən gecə Zəngilan rayonunun Seyidlər, Ağkənd, Qazançı kəndləri Qafan istiqamətindən güclü atəşə tutulub. Nəticədə iki ev və xeyli taxıl sahəsi yanıb. Burada da düşmənə layiqli cavab verilib.
Dünən və ötən gecə Naxçıvan MR-nın Sədərək və Batabat məntəqələri müxtəlif təyinatlı silahlardan ara-sıra atəşə məruz qalıb.
Qarabağda gərgin döyüşlər davam edir. Sentyabrn 7-də axşam düşmən Ağdam istiqamətindəki bütün mövqelərimizi güclü atəşə tutduqdan sonra hücuma keçib. Döyüşçülərimiz bu hücumu dəf ediblər. Ağdərə bölgəsinin Çıldıran kəndi ətrafında da döyüşlər xeyli şiddətlənib.
Füzuli istiqamətindən hərəkət edən milli ordumuzun bölmələri daha bir uğurlu əməliyyat aparıblar. Topçularımız sərrast atəşlə düşmənin Martunidəki üç hərbi sursat anbarını yerlə-yeksan ediblər. Əməliyyat nəticəsində daha 20 erməni yaraqlısı məhv edilib.
Qazax, Tovuz, Kəlbəcər, Cəbrayıl bölgələrində nisbi sakitlikdir.