Bu günlərdə bütün Azərbaycanın diqqəti Ağdama yönəlib. Heç kəsə sirr deyil ki, buradakı ağır döyüşlər həlledici səciyyə daşıyır. Sentyabrın 7-də, axşam düşmən bütün mövqelərimizi güclü atəşə tutduqdan sonra hücuma keçmişdir. Ordumuzun hissələri bu hücumun qarşısını almışlar. Dünən və bu gün, sentyabrn 8-i ərzində erməni ekspedisiya korpusunun artilleriyası Ağdam şəhərini və rayonun bir sıra kəndlərini atəşə tutub. Hal-hazırda Ağdam ətrafındakı kəndlərdə şiddətli atışmalar gedir. Döyüşçülərimizin iradəsini və müqavimətini qırmaq istəyən düşmən məqsədinə nail ola bilmir. Azərbaycan Silahlı Qüvvələrinin Ağdamı müdafiə edən bölmələri öz mövqelərini möhkəm saxlayırlar.
Qarabağın digər bölgələrində də döyüşlər ara vermir. Ağdərə rayonunun cənubunda qoşunlarımız hücum əməliyyatları aparırlar. Füzuli istiqamətindən hərəkət edən bölmələrimiz sərrast top atəşilə düşmənin Martunidəki 3 hərbi sursat anbarını yerlə-yeksan ediblər. Əməliyyat nəticəsində daha 20 erməni yaraqlısı məhv edilib.
Ermənistan tərəfi Alma-atada sazişə məhəl qoymayaraq dövlət sərhədlərimizi pozmaqda davam edir. Sentyabrın 7-də saat 16:30-da erməni birləşmələri rus əhalili Novoivanovka kəndi istiqamətində sərhəd zolağında yerləşən maldarlıq fermasına basqın edib, 2 dinc sakini qətlə yetiriblər. Döyüşçülərimizin əks-hücumu ilə düşmən itki verərək geri çəkilib. Ötən gecə və bu gün Ağstafanın Muncuqlu, Zəngilanın Seyidlər, Ağkənd, Qazançı və Şükürataz kəndləri, Naxçıvan MR-nın Sədərək qəsəbəsi, Cağazir və Batabat sərhəd məntəqələri toplardan və yüngül silahlardan atəşə tutulub. Nəticədə Naxçıvan MR-da 1 nəfər yaralanıb, Zəngilan ərazisində 2 ev və xeyli taxıl sahəsi yanıb. Düşmənə layiqli cavab verilib. Digər bölgələrdə gün ərzində ara-sıra atışmalar olub.