Ağdam cəbhəsində qarşılıqlı döyüş fəaliyyəti davam edir. Sentyabrın 9-na keçən gecə və bu gün ərzində erməni artilleriyası bütün cəbhə boyu məntəqələri güclü atəşə tutub. Topçularımız erməni atəş nöqtələrini susdurmaq və digər hissələrimizin döyüş tapşırığını asanlaşdırmaq üçün lazımi tədbirlər görürlər. Bu gün Əsgəran istiqamətində 1 tankı, 1 kamaz maşını məhv edilib. Döyüşçülərimizin iradəsini qırmaq istəyən düşmən məqsədinə nail ola bilmir. Azərbaycan Ordusunun Ağdamda cəmləşən bölmələri düşmənin təzyiqinə mərdliklə sinə gəlir, öz mövqelərini möhkəm saxlayırlar.
Azərbaycan Silahlı Qüvvələrinin Ağdam və Tərtər bölmələri Ağdərə bölgəsində birgə hücum əməliyyatlarını davam etdirirlər. Döyüşlər Çıldıran kəndi uğrunda gedir.
Qubadlıdan aldığımız xəbərə görə ermənilər yenidən sursatla dolu yük avtokarvanı Laçın ərazisindən Qarabağa keçirməyə cəhd göstərmişlər. Karvana açılmış atəş nəticəsində o geri qayıtmağa məcbur olmuşdur.
Ötən gecə Ağstafanın Qanlıdərə sahəsi, Tatlı və Köhnə Qışlaq kəndləri, Tovuzun Əlibəyli və Şıxheybət kəndləri, Zəngilanın Kolluqışlaq, Yuxarı Göyəli kəndləri və Şükürataz yüksəkliyi, Cəbrayılın Quşçular gözətçi məntəqəsi çeşidli silahlardan atəşə tutulub. Cavab atəşi ilə Ağstafa rayonu sərhədində ermənilərin yük avtomaşını və 3 əsgəri məhv edilib.
9 Sentyabr gün ərzində də sərhədlərimizdə sakitlik olmamışdır. Saat 13:00-dan başlayaraq Zəngilan rayonunun Seyidlər və Qazançı kəndləri Ermənistanın Qafan rayonu ərazisindən atəşə tutulub. Seyidlər kəndində 1 ev yanıb. Eyni vaxtda Naxçıvan MR-nın Cağazur və Batabat məntəqələri də atəşə məruz qalıb. Cağazurda iki nəfər yaralanıb.
Qazax, Gədəbəy, Kəlbəcər, Füzuli bölgələrində nisbi sakitlik olub.