Ağdam bölgəsində aparılan şiddətli döyüşlər səngimək bilmir. Sentyabrın 10-na keçən gecə və bu gün səhər bütün cəbhə boyu atışmalar davam edir. Ötən gecə Sarıcalı və Mərzili kəndləri erməni mövqelərindən güclü top atəşə tutulub. Döyüşçülərimiz də düşməni cavabsız qoymurlar. Xanabad yaxınlığında erməni quldurlarının 1 tankını və 1 yük maşını məhv ediblər.
Çıldıran kəndinin azad edilməsi uğrunda da döyüşlər şiddətlənib. Bölmələrimiz artıq kəndin girəcəyində vuruşurlar.
Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələr göstərir ki, Ermənistan tərəfi üçün Alma-Atada bağlanan saziş heç bir əhəmiyyət kəsb etmir. Yerevanın rəsmi dairələrinin isə apardığı çirkin təbliğat təkzibedilməz faktları ört-basdır edə bilməz.
Sentyabrın 9-da saat 17-19 radələrində Tovuz rayonunun mərkəzi və Əlibəyli kəndi Ermənistanın Şəmşəddin rayonu istiqamətindən top atəşinə tutulub. Nəticədə 2 nəfər şəhid olub. 14 nəfər yaralanıb. Sentyabr ayının 10-na keçən gecə Ağstafanın Köhnə Qışlaq kəndinin müxtəlif növ silahlardan atəşə tutulması nəticəsəində 4 nəfər yaralanıb. Ötən gecə Zəngilan rayonunun Qazançı və Seyidlər kəndləri də atəşə tutulub. Seyidlər kəndində 1 ev yanıb.
Qazax, Gədəbəy, Kəlbəcər, Qubadlı, Füzuli, Cəbrayıl rayonlarında və Naxçıvan MR-da nisbi sakitlikdir.