Ağdam bölgəsində şiddətli döyüşlər ara versə də gərginlik azalmaq bilmir. Sentyabrın 10-na keçən gecə və bu gün bütün cəbhə boyu atışmalar davam edib. Ötən gecə Sarıcalı və Mərzili kəndləri erməni mövqelərindən top atəşinə tutulub. Döyüşçülərimiz də düşməni cavabsız qoymurlar.
Çıldıran kəndinin azad edilməsi uğrunda da döyüşlər şiddətlənib. Ordumuzun bölmələri artıq kəndin lap yaxınlığında vuruşurlar.
Azərbaycan-Ermənistan sərhədində baş verən bu hadisələr göstərir ki, Ermənistan tərəfi üçün Alma-Atada bağlanmış saziş heç bir əhəmiyyət kəsb etmir. Yerevanın rəsmi dairələrinin apardığı çirkin təbliğat isə təkzibedilməz faktları ört-basdır edə bilməz.
Sentyabrın 9-da axşam Tovuz rayonunun mərkəzi və Əlibəyli kəndi Ermənistanın Şəmşəddin rayonu istiqamətindən top atəşinə tutulub. Nəticədə 2 nəfər şəhid olub. 14 nəfər yaralanıb. Sentyabrın 10-na keçən gecə Ağstafa rayonu Köhnə Qışlaq kəndinin müxtəlif növ silahlardan atəşə tutulması nəticəsəində 4 nəfər yaralanıb. Ötən gecə Zəngilan rayonunun Qazançı və Seyidlər kəndləri də atəşə tutulub. Seyidlər kəndində 1 ev yanıb.
Qazax, Gədəbəy, Kəlbəcər, Qubadlı, Füzuli, Cəbrayıl rayonlarında və Naxçıvan MR-da nisbi sakitlikdir.